Məhəlli əhvalatçılıqdan, duyğu sümrüsünü əks etdirən yazı “vərdişlərindən” qurtulmaq lazımdır
Son dövrlər yerli imzaların (Azad Qaradərəli, İlham Əziz) oxuduğum son hekayələrindən bir daha yola çıxıb, tam əminliklə deyə bilərəm ki, bu gün yazılan hekayələrin əksəriyyəti müəllifin məişət əhvalatçılığından, bayağı süjet strukturundan kənara çıxa bilmir...
Bu sözləri "Sherg.az"a açıqlamasında yazar Emil Rasimoğlu deyib.
Yazar qeyd edib ki, adlarını çəkdiyi hər iki müəllifin şəxsinə hər zaman sayğı ilə yanaşıb və bu gün də sayğı ilə yanaşır:
"Bu öz yerində!
Azad Qaradərəlinin “Divar”, İlham Əzizin “Krassvord” hekayəsi mətn qarşısında müəllifin ədəbi fiaskosudur desəm, heç də yanılmaram.
Uzun — uzadı kortəbii təhkiyə, bir neçə məişət əhvalatının elə məişət təsəvvürü, məişət reaksiyaları ilə də bir araya toplanıb təqdim olunması, sonluqdasa müəyyən sentimentallığın yaradılması hələ ədəbi hadisəyə çevriləcək fundamental ədəbi mətnin ortaya qoyulması demək deyil. Təbii ki, söhbət “Krassvord” hekayəsinin məğzindən gedir.
Elə “Divar” hekayəsi də “Krassvord” hekayəsi qədər gerçək yaradıcılıq prinsiplərindən uzaqda qalan, bir az tarixi nüanslara, bir az sentimentallığa, bir az da publisistik informasiya xarakterinə söykənən bir inşa yazısı səviyyəsində olan bayağı bir hekayəTdir. Mən hələ hər iki hekayənin əsas məğzindən danışdım, incəliklərə varıb, çox nüanslardan, çatışmazlıqlardan söz aça bilərəm.
Bir böyük gerçəklik var ki, ortada ciddi mətn yoxdur...
Məgər, orijinal bədii əsərin yaranması üçün təhkiyəni, mükaliməni, müəyyən süjet xəttini yaratmaq kifayətdirmi? Əsla! Sən müəllif olaraq ortaya bir ədəbi hadisə, həmin ədəbi hadisənin tərkib hissəsi olan kreativ proses, fundamental mahiyyət, sonluq qoymalısan.
Sözüm bir az da sərt ola bilər. Amma olsun;
Uzaqlaşmaq (qurtulmaq) lazımdı bu məhəlli əhvalatçılıqlarından, duyğu sümrüsünü əks etdirən yazı “vərdişlərindən”.