Belçikada nəşriyyatlar süni intellektdən istifadə olunmadan hazırlanan kitablara bunu göstərən xüsusi etiket vurulmasını təklif edib.
Sherg.az xəbər verir ki, Belçikada fransızdilli nəşriyyatları təmsil edən Belçika Nəşriyyatçılar Birliyi (ADEB) kitabların hazırlanmasında süni intellektdən istifadə edilmədiyini göstərən xüsusi etiket tətbiq etməyi təklif edib.
Brüsseldə keçirilən toplantıda nəşriyyatlar kitabların hazırlanması prosesində peşəkar nəşriyyatların rolunun vacibliyinə diqqət çəkiblər. Bildirilib ki, belə bir etiket oxuculara kitab alarkən əsərin hazırlanmasında süni intellektdən istifadə edilib-edilmədiyini anlamağa imkan verə bilər.
Nəşriyyatların sözlərinə görə, onların işi yalnız kitabın nəşrindən ibarət deyil. Peşəkarlar mətnlərdə yazı və ifadə xətalarının aradan qaldırılması, məzmunun ardıcıllığının təmin edilməsi, üz qabığı və səhifə dizaynının hazırlanması, həmçinin qiymətləndirmə, yayım və hüquqi müdafiə məsələlərində mühüm rol oynayırlar.
Bu səbəbdən toplantıda müəlliflərin və peşəkar nəşriyyatçıların əməyini ön plana çıxarmaq məqsədilə xüsusi etiket hazırlanması təklif olunub.
Bununla belə, nəşriyyatlar kitabın hazırlanmasının hansı mərhələsində süni intellektdən istifadə edildiyini müəyyənləşdirmək və etiket üçün müəyyən edilən şərtlərə əməl olunmasına nəzarət etməkdə çətinlik yarana biləcəyini də bildiriblər.
Süni intellekt alətlərinin geniş yayılması ilə müəlliflərin ənənəvi nəşriyyatlara müraciət etmədən kitablarını özlərinin hazırlayıb nəşr etdirməsinin artması da sektorda narahatlıq doğurur.