Türkiyənin Bolu vilayətinin Yedigöllər bölgəsində itkin düşən 10 qız uşağı və 3 əməkdaş tapılıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş açıqlama verib.
Nazir onların səhhətinin yaxşı olduğunu bildirib.
Məlum olub ki, ekskursiyadan qayıdan şəxslərin olduğu mikroavtobus bataqlığa düşüb. Ərazidə mobil rabitənin olmaması səbəbindən onlarla əlaqə yaratmaq mümkün olmayıb.
Axtarış-xilasetmə əməliyyatına jandarma, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), səhiyyə və Milli Tibbi Xilasetmə Qrupları (UMKE), həmçinin Düzcə və Kocaelidən əlavə qüvvələr cəlb edilib.
Ərazidə mobil rabitənin zəif olması və yolların buz bağlaması axtarış işlərini çətinləşdirib.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi bölgəyə 11 mobil baza stansiyası göndərib, Avtomobil Yolları Baş İdarəsi isə yolların buzdan təmizlənməsi üçün xüsusi texnika və canlı qüvvə ayırıb.
Axtarış işlərini yerində izləmək üçün Boluya gələn Mahinur Özdəmir Göktaş 30 kilometrlik ərazidə qurudan və havadan aparılan əməliyyatda 178 nəfərin iştirak etdiyini açıqlayıb.