Sumqayıt Poeziya Evində I Qarabağ qazisi, şair Ədalət Nicatın 60 illik yubileyi və “Sözümə işıq düşür” kitabının təqdimatı münasibətilə ədəbi-bədii məclis keçirilib.
Noyabrın 14-də Sumqayıt Poeziya Evi növbəti yaddaqalan ədəbi-mədəni tədbirə evsahibliyi edib. Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, qazi-şair Ədalət Nicatın 60 illik yubileyinə həsr olunmuş tədbir Sumqayıt ədəbi mühitinin tanınmış nümayəndələrini, Bakıdan, respublikanın müxtəlif bölgələrindən gəlmiş şair və yazıçıları, elm, mədəniyyət və ictimaiyyət təmsilçilərini bir araya gətirib.
Ömrünün altmışıncı zirvəsinə yetişən şairin yubileyi qələm adamının doğum gününün qeyd olunması ilə birgə, həm də Vətən sevgisinin, döyüşçü iradəsinin, sözə sədaqətin və mənəvi bütövlüyün təntənəsi kimi yadda qalıb. Ədalət Nicatın şəxsiyyətində Vətənin müdafiəsinə qalxmış döyüşçü ilə sözün keşiyində dayanan şairin mənəvi dünyası birləşir. Onun ömür yolu və yaradıcılığı haqqında səslənən fikirlər də məhz bu vəhdətin müxtəlif çalarlarını üzə çıxarıb.

Tədbiri AYB-nin Poeziya seksiyasının rəhbəri, Əli Kərim adına Poeziya Evinin direktoru, tanınmış şair İbrahim İlyaslı açaraq, yubilyarı əlamətdar yaş münasibətilə təbrik edib. O, Ədalət Nicatın ədəbi mühitdə qazandığı sayğıya, sözə və sənətə bağlılığına diqqət çəkərək, belə yubileylərin ədəbi nəsillər arasında mənəvi bağlılığın möhkəmlənməsi baxımından da önəmini vurğulayıb.
Yubiley məclisinin aparıcısı, Beynəlxalq “ALAŞ” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı Ədalət Nicatın ömür və yaradıcılıq yoluna nəzər salıb, onun şair və qazi kimliyinin mənəvi məzmunundan söz açıb. Bildirilib ki, döyüş yolu keçmiş yaradıcı insanın sözündə Vətən anlayışı həm poetik mövzu, həm də yaşanmış taleyin, vətəndaş məsuliyyətinin, milli yaddaşın ifadəsidir.
Əkbər Qoşalı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın yubilyara ünvanladığı təbrik məktubunu oxuyub. Məktubun təqdimatı vətəndaş mövqeyinə, qazi şəxsiyyətinə, ictimai və yaradıcı əməyə göstərilən sayğının ifadəsi kimi qarşılanıb.
Ədəbi məclisin mühüm məqamlarından biri Ədalət Nicatın 60 illiyi münasibətilə işıq üzü görmüş “Sözümə işıq düşür” adlı yeni kitabın təqdimatı olub.
Tanınmış ictimai xadim, şair-publisist, “Vektor” BEA-nın qurucu başqanı, professor Elçin İsgəndərzadənin naşirliyi, önsözü ilə ərsəyə gələn kitab yubilyarın əlamətdar yaşına dəyərli töhfə kimi qiymətləndirilib.
Kitabın adı – “Sözümə işıq düşür” – də məclisin ümumi ovqatı ilə səsləşib. Bu ifadə şair ömrünün mənəvi axtarışlarını, sözün insan taleyindəki yerini, yaradıcı şəxsiyyətin yaşadıqlarını poetik yaddaşa çevirmək istəyini simvolik şəkildə əks etdirir.

Təqdimat zamanı vurğulanıb ki, bir şairin yubileyi münasibətilə kitab nəşr edilməsi onun yaradıcılığına sayğıduyarlıq olmaq etibarıyla, həm də ədəbi düşüncənin tanıdılması baxımından önəmli hadisədir. Xüsusilə qazi-şairin ömür və yaradıcılığına həsr olunan belə nəşrlər fərdi tale ilə ümummilli yaddaş arasında mənəvi körpü rolunu oynayır.
Çıxışçılar kitabın ərsəyə gəlməsindəki naşirlik təşəbbüsünə görə professor Elçin İsgəndərzadənin xidmətini təqdir edib, yubilyarı yeni nəşr münasibətilə ürəkdən təbrik ediblər.
Yubiley tədbiri bir daha Sumqayıtın Azərbaycanın çağdaş ədəbi-mədəni həyatındakı özünəməxsus yerini nümayiş etdirib.
Zəngin ədəbi ənənələrə malik Sumqayıt uzun illərdir müxtəlif bölgələrdən gələn yaradıcı insanların qovuşduğu, fərqli poetik nəfəs və üslubların qarşılaşdığı mühüm mədəniyyət mərkəzlərindən biridir. Gənclik şəhəri, sənaye şəhəri kimi tanınan Sumqayıtın həm də poeziya şəhəri olaraq öz simasını qoruması burada formalaşmış ədəbi mühitin, sözə bağlı aydınların və davamlı yaradıcılıq ünsiyyətinin nəticəsidir.
Bu mənada Ədalət Nicatın yubileyinin məhz Sumqayıt Poeziya Evində keçirilməsi ayrıca rəmzi anlam daşıyıb. Məclis bir daha göstərib ki, ədəbi mühit kitabların, şeirlərin, imzaların və habelə dostluğun, vəfanın, qarşılıqlı sayğının və mənəvi həmrəyliyin yaşadığı məkandır.

Tədbirdə çıxış edən AYB-nin Quba bölməsinin sədri, tanınmış şair Ramiz Qusarçaylı, AYB-nin Sumqayıt bölməsinin rəhbəri Gülnarə Cəmaləddin, Sumqayıt şəhər Mədəniyyət İşçilərinin Həmkarlar Təşkilatının sədri Şahin Şəfiyev və yazıçı-dramaturq Əyyub Qiyas yubilyara səmimi təbriklərini çatdırıb, ona yeni yaradıcılıq uğurları arzulayıblar. Çıxışlar zamanı şeirlər səsləndirilib, Ədalət Nicata xatirə hədiyyələri təqdim olunub.
Yubiley məclisində tanınmış ictimai xadim Allahyar Eyyuboğlu, yazıçı Şərif Ağayar, ustad şair Rafail İncəyurd, şair və yazarlar Xaqani Abbasəli Öztürk, Əli Nəcəfxanlı, Qafqaz Əvəzoğlu, Polad İbrahimoğlu və pedaqoq-şair Çingiz Salmanov da çıxış edərək yubilyarla bağlı ürək sözlərini bölüşüblər.
Görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Vaqif Yusiflinin çıxışı isə məclisin ədəbiyyatşünaslıq məzmununu daha da zənginləşdirib. Beləliklə, yubiley yalnız təbriklərin səsləndiyi mərasim çərçivəsində qalmayıb, şair şəxsiyyəti, yaradıcılıq taleyi, ədəbi dəyərlər və sözün mənəvi missiyası çevrəsində səmimi fikir mübadiləsinə çevrilib.
Məclisdə müxtəlif ədəbi nəsillərin, fərqli bölgələri təmsil edən qələm adamlarının bir araya gəlməsi də diqqətəlayiq olub. Bu, Azərbaycan ədəbi mühitinin canlı ünsiyyətə, qarşılıqlı diqqətə və yaradıcı həmrəyliyə söykənən gözəl ənənələrinin davamı kimi dəyərləndirilib.

Yubileyin bədii hissəsi də zənginliyi və səmimiyyəti ilə seçilib. Sənətçilər İlham Əsgəroğlu və Səyyad Aydınoğlunun, gənc aşıq Cahid İlyaslının ifaları məclisə xüsusi ovqat bəxş edib.
Özəlliklə aşıq sənətinin canlı nəfəsi ilə çağdaş poeziyanın bir araya gəldiyi bu görüşdə sazın və sözün doğmalığı bir daha duyulub. Azərbaycan poetik düşüncəsinin kökündə sözlə musiqinin, duyğu ilə yaddaşın, fərdi yaşantı ilə el-oba ortaq mənəviyyatının ayrılmaz bağlılığının dayandığı bir daha görünüb.
İfalar, şeir söyləntiləri, xatirələr və təbriklər yubileyə həm yüksək sənət ovqatı, həm də doğma dost məclisi səmimiyyəti qazandırıb.
Tədbir boyu səslənən fikirlərdə Ədalət Nicatın qazi və şair olaraq keçdiyi həyat yoluna ehtiram ifadə edilib. Qeyd olunub ki, Vətən uğrunda mübarizə aparmış insanın yaradıcılığında yaddaş, mənəvi borc, sədaqət və insan taleyi kimi anlayışlar ayrıca məna qazanır.
Altmış yaş yaradıcı insan üçün həm hesabat, həm də yeni sözün, yeni düşüncənin, yeni mənəvi üfüqlərin başlanğıcıdır. Ədalət Nicatın yubileyi də bu baxımdan bir ömrə verilən qiymətlə gələcək yaradıcılığa bəslənən ümidlərin qovuşduğu məclis təsiri bağışlayıb.
Tədbirin sonunda söz yubilyara verilib. Ədalət Nicat yubileyinin təşkilatçılarına, məclisə qatılan qələm dostlarına, aydınlara, sənət adamlarına və ictimaiyyət nümayəndələrinə iştiraklarına, diqqət və sayğılarına, səmimi təbriklərinə görə təşəkkürünü bildirib. O, yeni qələmə aldığı şeirlərini oxuyaraq, yubiley sevincini sözün doğmalığı ilə bölüşüb.
Beləliklə, Sumqayıt Poeziya Evində keçirilən yubiley məclisi bir qazi-şairin altmış illik ömür yoluna göstərilən ehtiramla yanaşı, Azərbaycan ədəbi mühitinin vəfa, dostluq və mənəvi birlik ənənələrinin parlaq ifadəsi kimi yadda qalıb.
Ədalət Həqiqət oğlu Nicatın yubileyində bir həqiqət yenidən təsdiqini tapıb: Vətən uğrunda göstərilən fədakarlıq xalqın yaddaşında, səmimi və istedadlı söz isə ədəbiyyatın yaddaşında yaşayır. Bu iki yaddaşın qovuşduğu yerdə insan ömrü öz illərindən daha böyük anlam qazanır.