Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir

  • Səbəb dəbdə olan saç modelləridir

Z nəsli arasında populyarlaşan sıx yığılmış topuz və at quyruğu saç tökülməsi riskini artırır.

Sherg.az xəbər verir ki, mütəxəssislər saçların möhkəm şəkildə geriyə daranaraq yığılmasının uzun müddət davam etdirildiyi halda saç xəttində seyrəlməyə və keçəlləşməyə səbəb ola biləcəyini bildirirlər.

2020-ci illərin əvvəlindən Bella Hadid kimi stil ikonlarının populyarlaşdırdığı bu saç modelləri “Clean Girl” estetikası kimi tanınır. Səliqəli və hamar görünüş yaradan bu üslub saçların mümkün qədər sıx çəkilərək yığılmasını tələb edir.

Trixoloq Tina Muyunun sözlərinə görə, bu cür saç düzümləri saç köklərinə, xüsusilə saç xətti və gicgah nahiyələrinə davamlı təzyiq göstərir. Nəticədə dartılmaya bağlı saç tökülməsi – traksion alopesiya yarana bilər.

Mütəxəssis qeyd edir ki, bu problem birdən-birə ortaya çıxmır. Saçların uzun müddət müntəzəm və həddindən artıq sıx yığılması nəticəsində tədricən inkişaf edir.

Bununla yanaşı, saç tökülməsinin yeganə səbəbi saç düzümləri deyil. Tina Muyunun müşahidələrinə görə, son illərdə müxtəlif səbəblərdən saç tökülməsi halları artıb. Hormonal və qidalanma balansının pozulması, güclü stress, xəstəliklər, GLP-1 preparatları ilə bağlı çəki itkisi, dərman dəyişiklikləri və xroniki yuxusuzluq da saçların inkişaf dövrünə mənfi təsir göstərə bilər.

Mütəxəssislər saç köklərinin davamlı dartılmasının qarşısını almaq üçün saçları çox sıx yığmaqdan çəkinməyi tövsiyə edirlər.