Türkiyədə hamı bu kənddən danışır

Türkiyənin Artvin vilayətində yerləşən Aşağı Maden kəndinin sakinləri 60 milyon liraya özlərinə məxsus yanacaqdoldurma məntəqəsi alıblar.

Sherg.az xəbər verir ki, İHA-nın məlumatına görə, 220 ailənin yaşadığı kənddə 2022-ci ildə yaradılan və 218 üzvü olan kooperativ bu addımı ilə diqqət çəkib.

Fəaliyyətə mədən şirkətlərinə işçi daşınması ilə başlayan kooperativ zamanla avtomobil parkını genişləndirərək 60 nəqliyyat vasitəsinə çatdırıb. Minik və yükdaşıma xidmətləri göstərən qurumun parkında 51 mikroavtobus, iki silobas və iki suvarma maşını da var.

Kooperativ son olaraq Artvin–Ərzurum avtomobil yolu üzərində yerləşən yanacaqdoldurma məntəqəsini 60 milyon liraya satın alıb. Kəndin əvvəlki adı ilə əlaqədar müəssisəyə “Hod Petrol və İstirahət Mərkəzi” adı verilib.

Kooperativ rəhbərliyinin araşdırmasına əsasən, Türkiyədə kənd sakinlərinin yaratdığı kooperativə məxsus ilk yanacaqdoldurma məntəqəsi olduğu bildirilən obyektin açılış mərasimi keçirilib.

Kooperativin İdarə Heyətinin sədri Engin Akdemir bildirib ki, müəssisənin alınmasında əsas məqsəd kəndin iqtisadi inkişafına töhfə vermək və kooperativ üçün davamlı gəlir mənbəyi yaratmaqdır. Onun sözlərinə görə, kooperativin özünə məxsus 60 avtomobili, eləcə də bölgədə fəaliyyət göstərən mədən şirkətlərinin texnikası yanacağa olan tələbatın təmin edilməsi baxımından məntəqə üçün geniş satış imkanları yaradır.

Akdemir kənd sakinlərinin artıq qürurla “Bizim öz yanacaqdoldurma məntəqəmiz var” deyə bildiklərini vurğulayıb.