Qarlı dağlarda itən quzu 3 gün sonra evə qayıtdı - FOTO

Türkiyənin Artvin vilayətində itkin düşən quzu üç gün sonra çətin hava şəraitinə baxmayaraq evə qayıdıb.

Sherg.az Demirören Xəbər Agentliyinə istinadən xəbər verir ki, Şavşat rayonunun Çoraklı kəndində yaşayan Yalduz ailəsinin quzusu itin arxasınca gedərək tövlədən 3-4 kilometr uzaqlaşıb və itkin düşüb.

Ailə üç gün ərzində dron, traktor və avtomobillərlə ərazidə axtarış aparsa da, quzunu tapa bilməyib. Bölgədə canavar və ayı kimi vəhşi heyvanların olması ailənin narahatlığını daha da artırıb.

Ümidlərin tükəndiyi vaxt axşam saatlarında quzu evin qarşısına gəlib. Üzəri qarla örtülmüş heyvanı görən ailə onu fenlə qurudaraq isidib, yemləyib.

Ailə quzuya bundan sonra “Şanslı Boncuk” adını verib. Onun sağ-salamat geri qayıtması ailə üzvlərini sevincə qərq edib.