Ermənistanın keçmiş Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Avropa İttifaqına üzvlük perspektivlərini tənqid edən məqaləsi Baş nazir Nikol Paşinyanın Qərbyönümlü siyasətdən geri çəkilməsinə zəmin hazırlamaq məqsədi daşıya bilər.
Sherg.az xəbər verir ki, bu barədə politoloq Akop Badalyan Sputnik Ermənistana müsahibəsində bildirib.
Politoloqun sözlərinə görə, Qriqoryan məqaləsində Ermənistanın hazırkı siyasi, coğrafi və iqtisadi reallıqları fonunda Avropa İttifaqına üzvlük perspektivinin real olmadığını vurğulayıb. O, Avropaya inteqrasiya prosesinin tələsik aparılmasının Ermənistanın Rusiyadan asılılığını azaltmaq əvəzinə, bu asılılığı daha da gücləndirə biləcəyini qeyd edib.
Badalyan hesab edir ki, Qriqoryanın bu fikirləri təsadüfi deyil və Paşinyanın gələcək siyasi kursunda mümkün dəyişiklik üçün ictimai rəyin hazırlanmasına xidmət edə bilər:
“Düşünürəm ki, bu nəşrin əsl məqsədi Nikol Paşinyanın Qərbyönümlü siyasətdən planlaşdırılan geri çəkilməsi üçün zəmin hazırlamaqdır. Üstəlik, müvafiq informasiya fonunu özü Qərb dairələri ilə əlaqələndirilən və əslində onların maraqlarını təmsil edən şəxsin yaratması vacibdir”.
Politoloq Qriqoryanın hazırda fəaliyyət göstərdiyi Policy and Management Consulting Group təşkilatına da diqqət çəkib. Onun sözlərinə görə, təşkilatın ABŞ ilə sıx əlaqələri var və qurum vaxtilə ABŞ hökuməti və Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə əməkdaşlıq edib.
Badalyan, həmçinin Qriqoryanın TRIPP layihəsi üzrə ekspert kimi fəaliyyət göstərməsini Ermənistan hakimiyyəti daxilində Qərbyönümlü siyasi qruplar arasında rəqabətin göstəricilərindən biri hesab edir.
Politoloqun fikrincə, Qriqoryanın məqaləsində Avropa İttifaqına üzvlük prosesinin başlanması ilə bağlı qanunun təşəbbüskarlarını tənqid etməsi də hakimiyyət daxilində Qərbyönümlü qüvvələr arasında fikir ayrılıqlarının olduğunu göstərir.
Badalyan bu ziddiyyətlərin həm Ermənistan ətrafında artan qeyri-müəyyənlik, həm də Qərbdəki müxtəlif təsir mərkəzləri arasında münasibətlərin gərginləşməsi ilə bağlı ola biləcəyini düşünür.
O, Qriqoryanın vaxtilə yüksək dövlət vəzifəsində çalışarkən Ermənistanın Avropa İttifaqına üzvlüyünün real olmadığını niyə açıq şəkildə dilə gətirmədiyi sualını da gündəmə gətirib.
Politoloq məqalənin Qriqoryanın böyük siyasətə qayıtmaq hazırlığı kimi qiymətləndirilməsini isə istisna edib və onun hazırkı rolunun situativ xarakter daşıdığını bildirib.
Qeyd edək ki, Armen Qriqoryan 2018–2026-cı illərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutub. O, 2018-ci ildə Ermənistanda baş verən “məxməri inqilab”ın əsas simalarından biri olub.