Koçaryanın işinə baxan hakim Ermənistandan 6 milyon dram təzminat aldı

Ermənistan dövləti altı ildən çox cinayət təqibində olmuş, sonradan bəraət almış hakim David Qriqoryana 6 milyon dram təzminat ödəyəcək.

Sherg.az xəbər verir ki, Sputnik Ermənistanın “Pastinfo”ya istinadən yaydığı məlumata görə, Qriqoryan hərəkət azadlığının məhdudlaşdırılmasına görə 8 milyon dram, mənəvi zərərə görə isə 6 milyon dram təzminat tələb edib.

İrəvanın Ümumi Yurisdiksiyalı Mülki Məhkəməsinin hakimi Ovanes Kazaryan iddianı qismən təmin edərək dövlətin Qriqoryana mənəvi zərərə görə 6 milyon dram ödəməsi barədə qərar çıxarıb.

David Qriqoryan Ermənistanın ikinci prezidenti Robert Koçaryanın cinayət işinə baxıb. O, 2019-cu il mayın 18-də Koçaryan barəsində şəxsi zaminlik qətimkan tədbiri seçib, iki gün sonra isə iş üzrə icraatı dayandıraraq Konstitusiya Məhkəməsinə müraciət edib.

Bu qərarlardan sonra Baş nazir Nikol Paşinyan məhkəmə binalarının giriş-çıxışlarının bağlanmasına çağırıb. Daha sonra Qriqoryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cinayət işi açılıb.

22 yanvar 2025-ci ildə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi hakimə bəraət verib. Qərar apellyasiya və kassasiya instansiyalarında da qüvvədə saxlanılıb və qanuni qüvvəyə minib.