- Azərbaycan çox dövlətlərin əldə edə bilmədiyi uğurlara imza atıb
- "Prezident İlham Əliyev Azərbaycanın milli imicinin beynəlxalq miqyasda təbliğinin vacibliyini daim diqqətə çatdırıb"
Noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Avropa Siyasi Birliyinin 9-cu sammiti keçirilib. Tədbirdə Avropa ölkələrinin dövlət və hökumət başçıları bir araya gələrək regional və beynəlxalq əhəmiyyətli məsələləri müzakirə ediblər. Sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev də bir sıra ikitərəfli görüşlər keçirib. Bu təmaslar Azərbaycanın beynəlxalq əlaqələri və xarici siyasət gündəliyi baxımından diqqət çəkib.
Beynəlxalq siyasət üzrə amerikalı professor, Viskonsin ştatında Azərbaycan-ABŞ İqtisadi və Təhsil Şurasının direktoru, Paraqvayın Pilar Milli Universitetinin fəxri tədqiqatçısı Peter Marko Tase Sherg.az-a Azərbaycanın Avropa Siyasi Birliyində tutduğu mövqedən danışıb:
"Avropa Siyasi Birliyinin əhatə etdiyi coğrafi məkanda Azərbaycan Respublikası möhkəmlənmiş milli iqtisadiyyata və yüksək səviyyədə inkişaf etmiş şəhərsalma təcrübəsinə sahib yeganə ölkədir. Eyni zamanda, rəsmi Bakı beynəlxalq arenada xarici siyasətini uğurla həyata keçirmək imkanlarına sahibdir.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası son dərəcə praqmatik xarici siyasət yürüdüb. Milli dövlət quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə edib. Son beş il ərzində Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş Qarabağ ərazilərinə qayıdışı dünya miqyasında tanınmalı və yüksək qiymətləndirilməli olan böyük nailiyyətdir.
Azərbaycanın İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirakı ölkənin xarici siyasətinin mühüm uğurudur.
Bu iştirakın təmin olunmasında əməyi olan diplomatlar və səfirlər komandasını xüsusi qeyd etmək lazımdır".
Professor, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı beynəlxalq arenada yüksək səviyyədə təmsil edən səfirlərin fəaliyyətini də vurğulayıb:
"Prezident İlham Əliyev Azərbaycanın milli imicinin beynəlxalq miqyasda təbliğinin vacibliyini daim diqqətə çatdırıb. Rəşad Aslanov, Məmməd Əhmədzadə və Məmməd Talıbov kimi səfirlər Azərbaycanın dünyaya təqdim etdiyi ən yaxşı diplomatlar sırasındadır.
Xarici İşlər Nazirliyi də Azərbaycan Respublikası ilə dünyanın digər ölkələri arasında əlaqələrin inkişaf etdirilməsi və yeni münasibətlərin qurulması istiqamətində böyük səylər göstərib.
Prezident İlham Əliyevin Dublində keçirdiyi görüşlər də xüsusi əhəmiyyət daşıyır. Litva Prezidenti ilə ikitərəfli görüşü olduqca mühüm və tarixi əhəmiyyətə malikdir. Dövlət başçısı, həmçinin Bolqarıstanın Baş naziri, Şimali Makedoniyanın Prezidenti və digər dövlət və hökumət başçıları ilə də təmaslar qurub".
Amerikalı tədqiqatçı qeyd edib ki, bütün bunlar Azərbaycan xarici siyasətinin mühüm nailiyyətləridir:
"Avropa Siyasi Birliyinin sammitində iştirak edən ölkələr arasında Azərbaycan güclü iqtisadi inkişafı və qabaqcıl şəhərsalma təcrübəsi ilə seçilirdi. Ölkə öz ərazilərini, iqtisadiyyatını və infrastrukturunu bərpa etmək istiqamətində yaxın tarixdə bir çox dövlətlərin əldə edə bilmədiyi uğurlara imza atıb".