Dublindən Ermənistana açıq mesaj: Sülhün yolu Bakıdan keçir - Politoloq

  • “105 min ton yük Ermənistanın Azərbaycan reallığına möhtaclığını göstərir”

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın Dublin şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilən görüşdə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar və Azərbaycan-Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi müzakirə olunub. Tərəflər sülhün möhkəmləndirilməsi, nəqliyyat və tranzit əlaqələrinin inkişafı, iqtisadi-ticari münasibətlər, sərhədlərin delimitasiyası və etimad quruculuğu istiqamətində atılacaq addımları nəzərdən keçiriblər.

Görüşdə TRIPP layihəsinin inkişafı, dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması, eləcə də tranzit əlaqələrinin perspektivləri xüsusi diqqət çəkib. Azərbaycan ərazisindən Ermənistana ötən ilin noyabrından indiyədək 105 min ton yükün daşınması müsbət hal kimi qiymətləndirilib. Bununla yanaşı, iki ölkənin elektrik şəbəkələrinin gələcəkdə birləşdirilməsi, ətraf mühitin qorunması və transsərhəd çayların idarə olunması məsələləri də müzakirə edilib. Liderlər regionda sülhün və sabitliyin möhkəmləndirilməsi üçün dialoqun davam etdirilməsinin vacibliyini vurğulayaraq, davamlı sülhə nail olmaq istiqamətində səylərin davam etdirilməsinə sadiqliklərini bir daha ifadə ediblər.

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında bildirib ki, Dublin görüşü Azərbaycan-Ermənistan sülh prosesində yeni əməkdaşlıq mərhələsinin əsasını qoyur:

“Dublin görüşü Azərbaycan-Ermənistan sülh prosesində siyasi dialoqun praktiki əməkdaşlıq gündəliyi ilə tamamlanması baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Nikol Paşinyanla görüşü göstərir ki, Vaşinqton Birgə Bəyannaməsi əsasında formalaşan yeni siyasi reallıq artıq konkret regional məsələlərin müzakirəsinə imkan yaradır. Burada əsas məqam sülhün sadəcə siyasi bəyanatlarla məhdudlaşmaması, onun iqtisadi, nəqliyyat, enerji və humanitar müstəvidə real məzmun qazanmasıdır.

Azərbaycanın mövqeyi bu prosesdə kifayət qədər aydın və prinsipialdır. Bakı sülhün davamlı olmasını, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmət edilməsini əsas şərt hesab edir. Delimitasiya prosesinin irəliləməsi, sərhəddə sabitliyin möhkəmlənməsi və etimad quruculuğu addımları məhz bu siyasi yanaşmanın nəticəsi ola bilər. Əsas məsələ Ermənistanın da əldə olunmuş razılaşmalara ardıcıl əməl etməsi və sülh gündəliyini daxili siyasi hesablamaların predmetinə çevirməməsidir”.

Müsahibimizin fikrinə görə, 105 min ton yük və TRIPP layihəsi regionun nəqliyyat xəritəsini dəyişir:

“Dublin müzakirələrinin diqqətçəkən tərəfi iqtisadi və infrastruktur məsələlərinin geniş yer tutmasıdır. TRIPP layihəsi Cənubi Qafqazın nəqliyyat xəritəsini dəyişə biləcək strateji təşəbbüsdür. Bu layihənin reallaşması regionda kommunikasiyaların açılmasına, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz əlaqələrin qurulmasına və Orta Dəhlizin imkanlarının genişlənməsinə xidmət edə bilər. Burada Azərbaycanın suverenliyi və yurisdiksiyası prinsipinin qorunması xüsusi əhəmiyyət daşıyır.

105 min ton yükün Azərbaycan ərazisindən Ermənistana daşınması isə xüsusi siyasi və iqtisadi mesajdır. Bu rəqəm Azərbaycanın regional kommunikasiyalarda etibarlı tranzit ölkəsi kimi rolunu nümayiş etdirir. Vaxtilə qarşıdurmanın əsas tərəflərindən biri olan iki ölkə arasında yükdaşımaların Azərbaycanın nəqliyyat infrastrukturu üzərindən həyata keçirilməsi yeni reallığın göstəricisidir. Bakı bununla sübut edir ki, regional əməkdaşlığın qarşısında maneə yaratmaq niyyətində deyil, əksinə, sülhün iqtisadi dividendlərini bütün region üçün əlçatan etməyə hazırdır”.

Ekspert enerji, su və iqtisadi əməkdaşlıq davamlı sülhün strateji təminatına çevriləcəyini vurğulayıb:

“Elektrik şəbəkələrinin birləşdirilməsi də strateji perspektivlər vəd edir. Enerji sistemlərinin əlaqələndirilməsi qarşılıqlı iqtisadi maraqları artıracaq, regional enerji təhlükəsizliyini gücləndirəcək və əməkdaşlığa əlavə stimul verəcək. Transsərhəd çayların idarə olunması isə daha həssas, lakin həyati əhəmiyyətli istiqamətdir. Su ehtiyatlarının səmərəli bölüşdürülməsi, ekoloji təhlükəsizliyin qorunması və məlumat mübadiləsi gələcəkdə gərginliklərin qarşısının alınmasına xidmət edə bilər.

Məncə, Dublin görüşünün ən mühüm nəticəsi sülh gündəliyinin konkret fəaliyyət istiqamətləri üzrə genişlənməsidir. Azərbaycan artıq regionda hərbi-siyasi gücü ilə yanaşı, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın əsas təşəbbüskarlarından biri kimi çıxış edir. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar Azərbaycanın iradəsi və diplomatik strategiyası əsasında regional əməkdaşlıq imkanlarına çevrilir.

Bununla belə, davamlı sülh üçün siyasi razılaşmaların hüquqi təminatlarla möhkəmləndirilməsi, sərhədlərin delimitasiyasının ardıcıl davam etdirilməsi və qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi vacibdir. Ermənistan anlamalıdır ki, regionun gələcəyi qarşıdurma ritorikasında deyil, suverenliyə hörmət və iqtisadi əməkdaşlıq prinsiplərindədir. Azərbaycanın ortaya qoyduğu yanaşma isə qalib dövlətin məsuliyyətli, praqmatik və strateji baxışını əks etdirir. Dublin görüşü bu baxımdan sülhün artıq nəzəri müzakirə mövzusu deyil, real regional inkişaf gündəliyinə çevrilməsi istiqamətində mühüm mərhələdir”.