Şahbaz Xudoğlunun avtobusda gördüyü mənzərə: 60 qəpiklik yaxşılıq...

“Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu ictimai nəqliyyatda gediş haqları ilə bağlı sosial məsələlərə və sərnişinlər arasında gördüyü təmənnasız yardımlaşmaya diqqət çəkib.

Sherg.az xəbər verir ki, Şahbaz Xudoğlu sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə ictimai nəqliyyatda gediş haqlarının və güzəştli tariflərin tətbiqinin vacibliyini vurğulayıb. O, eyni zamanda sərnişinlər arasında müşahidə etdiyi qarşılıqlı yardım nümunələrindən bəhs edib.

Müəllif paylaşımında bildirib ki, son vaxtlar daha çox ictimai nəqliyyatdan istifadə edir. Bu yaxınlarda Sumqayıta toya gedərkən gediş haqqının 80 qəpik olduğunu, Bakıda isə avtobuslarda gediş haqqının 60 qəpik təşkil etdiyini qeyd edib.

Şahbaz Xudoğlu yazır ki, bu gün avtobusda Gülrux xanım adlı sərnişinin gündəlik işə gedib-gəlmək üçün iki-üç nəqliyyat vasitəsi dəyişdiyini deməsi onu düşündürüb:

"Təsəvvür edin, 600–700 manat maaş alan bir adam ayda 100–120 manatını yalnız yola verir.

Bizdə niyə aylıq, illik gediş kartları üçün güzəştli tariflər yoxdur? Niyə məktəbli, tələbə, pensiyaçı ilə işləyən adam eyni gediş haqqını ödəməlidir? Altı yaşdan yuxarı uşaqlar da böyüklərlə eyni məbləği ödəyirlər.

Amma ictimai nəqliyyatda məni yaxşı mənada heyrətləndirən başqa bir mənzərə də gördüm.

Avtobusa minən kiminsə kartında pul olmayanda, ödəniş aparatı qırmızı işıq göstərəndə yanındakı sərnişin dərhal öz kartını uzadıb onun əvəzinə ödəniş edir.

Bir neçə dəfə bunun şahidi oldum.

Ən maraqlısı da odur ki, kartında pul olmayan adam cibindən 60 qəpiyi çıxarıb qaytarmaq istəyəndə kömək edən şəxs qəbul etmir. "Yox, ehtiyac yoxdur, çox sağ olun", - deyir.

Bəzən insanın gününü gözəlləşdirmək üçün cəmi 60 qəpik kifayət edir.

Tanımadan insanların belə təmənnasız yardımlaşması adamı çox sevindirir.

Nə yaxşı ki, insanlarımızda belə bir-birinə əl tutmaq, kömək etmək, yaxşılıq etmək hissi yaşayır".