Ermənistanın Baş naziri Nikol Paşinyan dekabr ayında danışıqlar aparmaq üçün Rusiyaya üç dəfə səfər etməyi planlaşdırdığını bildirib.
Sherg.az xəbər verir ki, Paşinyan bunu Dublində keçirilən Beynəlxalq və Avropa Məsələləri İnstitutunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, səfərlər 3, 11 və 22 dekabr tarixlərində baş tutacaq.
“Dekabrda üç dəfə Rusiyada olacağam. Rusiya ilə münasibətlərimizdə dostluq atmosferini qoruyub saxlaya biləcəyimizə ümid edirəm”, - Paşinyan bildirib.
Qeyd edək ki, Paşinyanın Rusiyaya səfəri daha əvvəl də gündəmdə olub. Oktyabrın əvvəlində Kremlin sözçüsü Dmitri Peskov səfərin dəqiq tarixlərinin müəyyənləşdirilmədiyini bildirmişdi.
Bundan əvvəl Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Rusiya Prezidenti Vladimir Putinlə Paşinyan arasında görüşün keçirilməsi üçün hər hansı ilkin şərtlərin olduğu barədə məlumatları təkzib etmişdi.