Pentaqon: Ukraynaya yardım ABŞ qoşunlarının döyüş hazırlığına mənfi təsir göstərir

Ukraynaya göstərilən hərbi yardım ABŞ Quru Qoşunlarının Avropa və Afrikadakı bölmələrinin resurslarını azaldır və onların döyüş hazırlığına mənfi təsir göstərir.

APA xəbər verir ki, bu barədə Pentaqonun, ABŞ Dövlət Departamentinin və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni hesabatda bildirilib.

Sənəddə qeyd olunub ki, Ukraynaya dəstək üçün maliyyə vəsaitlərinin ayrılması ABŞ Quru Qoşunlarının Avropa və Afrikadakı komandanlığının tapşırıqları yerinə yetirməyə hazırlığına və fəaliyyətinin səmərəliliyinə təsir göstərir.

Xüsusilə, Kiyevə yardımın maliyyələşdirilməsi Avropada yerləşən ABŞ qüvvələri üçün ehtiyat hissələrinin alınmasına ayrılan vəsaitin azalmasına səbəb olub.

ABŞ Konqresinə təqdim edilən hesabat 2026-cı il iyulun 1-dən sentyabrın 30-dək olan dövrü əhatə edir.

Hesabatda, həmçinin NATO-nun şərq cinahının gücləndirilməsi və ABŞ-ın Avropadakı hərbi mövcudluğunun artırılması məqsədi daşıyan “Atlantic Resolve” əməliyyatında üçüncü rüb ərzində 6 mindən çox amerikalı hərbçinin iştirak etdiyi bildirilib.

Sentyabrın sonuna olan məlumata əsasən, ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının məsuliyyət zonasına təxminən 78 min hərbçi təhkim olunub. Onlardan 6 mindən çoxu “Atlantic Resolve” əməliyyatına dəstək verib.