İngiltərə millisinin sabiq yarımmüdafiəçisi və "İnter Mayami" klubunun həmsahibi Devid Bekhem 2027-ci ildə ABŞ Milli Futbol Şöhrət Zalına daxil ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə MLS-in rəsmi saytında məlumat verilib.
Mərasim 2027-ci il aprelin 16-da Texas ştatının Frisqo şəhərində yerləşən "Toyota" stadionunda keçiriləcək.
Bekhemlə yanaşı, Jozi Altidor, Lotar Osiander, Culi Erts, Meqan Rapino və Tatu da Şöhrət Zalına daxil ediləcəklər.
50 yaşlı Bekhem 2007-2012-ci illərdə "Los-Anceles Qalaksi" klubunda çıxış edib. Həmin müddətdə ingiltərəli futbolçu iki dəfə MLS Kubokunun (2011, 2012), iki dəfə isə müntəzəm mövsümün qalibi olub (2010, 2011).
Futbolçu karyerasını başa vurduqdan sonra Bekhem "İnter Mayami" klubunun həmsahibinə çevrilib. 2025-ci ildə komanda tarixində ilk dəfə MLS Kubokunu qazanıb.