Dünyanın məşhur idman geyimləri istehsalçısı Nike klassik kişi ayaqqabısı ilə idman ayaqqabısının xüsusiyyətlərini birləşdirən yeni modelini təqdim edib.
Musavat.com xəbər verir ki, “Air Force 1 Low Square Toe” adlanan model şirkətin məşhur “Air Force 1 Low” ayaqqabısının yenilənmiş versiyasıdır.
Yeni modelin əsas fərqi onun ön hissəsinin ənənəvi yuvarlaq formada deyil, klassik ayaqqabılarda olduğu kimi kvadrat şəklində hazırlanmasıdır. Bu dizayn idman ayaqqabısına daha rəsmi görünüş verir.
Ayaqqabılar qara və ağ rənglərdə təqdim olunur. Üst hissəsi dəridən hazırlanıb, modelin ənənəvi bağları, Nike loqosu və Air amortizasiya sistemi saxlanılıb.
Yeni dizayn ilk dəfə 2026-cı ilin yazında Paris Moda Həftəsi zamanı nümayiş etdirilib. Model noyabr ayında satışa çıxarılıb.
Məlumata görə, ayaqqabıların qiyməti bazardan asılı olaraq dəyişir. ABŞ bazarı üçün 130–150 dollar (221–255 manat) qiymət göstərilir. Yaponiyada isə model noyabrın 4-də 19 800 yen qiymətlə satışa təqdim edilib.
Nike-ın məşhur “Air Force 1” modeli ilk dəfə 1982-ci ildə basketbol ayaqqabısı kimi yaradılıb. Sonradan gündəlik geyim və küçə modasının ən tanınmış modellərindən birinə çevrilib.