Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər - Xəbərdarlıq

ABŞ-nin Qida və Dərman İdarəsi (FDA) GLP-1 reseptor agonistlərinin istifadəsi zamanı qəfil görmə itkisinə səbəb ola bilən nadir göz xəstəliyi riskinin arta biləcəyi barədə xəbərdarlıq edib.

Oxu.Az FDA-nın rəsmi saytına istinadən xəbər verir ki, söhbət qeyri-arteritik ön işemik optik neyropatiyadan (NAION) gedir. Bu xəstəlik bir gözdə görmənin qəfil və ağrısız zəifləməsinə, bəzi hallarda isə daimi görmə itkisinə səbəb ola bilər. Xəstəlik bir gözdə inkişaf etdikdə digər gözdə də yaranma riski artır.

FDA əsasən arıqlamaq üçün istifadə olunan "Ozempic" və "Wegovy" də daxil olmaqla, bu qrupa aid bütün preparatların rəsmi istifadə məlumatının "Xəbərdarlıqlar və ehtiyat tədbirləri" bölməsinə mümkün risk barədə məlumatın əlavə edilməsini tələb edib.

Qurum bu preparatları qəbul edən şəxsləri bir gözdə görmənin qəfil və ağrısız zəifləməsi, görüntünün bulanıqlaşması, görmə sahəsinin bir hissəsinin itməsi və ya rənglərin təhrif olunmuş şəkildə qavranılması hallarında dərhal həkimə müraciət etməyə çağırıb.

FDA-nın məlumatına görə, xəstəlik görmə sinirinin ön hissəsinə qan axınının azalması nəticəsində yaranır. Qan axınının niyə azaldığı isə hələ tam aydınlaşdırılmayıb.