- ABŞ-də siyasi qarşıdurma qızışır, müdafiə naziri ya istefa verəcək, ya da qovulacaq!
ABŞ-nin müdafiə naziri Pit Heqset Konqresdə onun barəsində başladılan impiçment təşəbbüsünü “siyasi şou” adlandırıb və ölkəsinin həyata keçirdiyi hərbi əməliyyatlara görə məsuliyyəti üzərinə götürdüyünü bildirib.
Sherg.az xəbər verir ki, Vaşinqtonda çıxış edən Heqset Venesuela Prezidenti Nikolas Maduronun saxlanılaraq ABŞ-yə gətirilməsini “böyük qələbə” kimi qiymətləndirib. O, İrana hücum, Maduroya qarşı əməliyyat və Karib dənizində gəmilərin vurulması ilə bağlı əmrləri ABŞ Prezidenti Donald Trampın verdiyini deyib.
“İran, Yəmən və Maduro ilə bağlı əməliyyatlar qanuni tapşırıqlar idi. Əmri Prezident Tramp verdi. Narkoterrorçunu qandalladıq. Əməliyyatların arxasındayam. Yenə olsa, yenə edərəm”, -deyə Heqset bildirib.
Nazir Konqresdə onun impiçmenti ilə bağlı təşəbbüsü “siyasi şou” adlandıraraq, rəhbərliyi dövründə həyata keçirilən bütün hərbi əməliyyatları müdafiə etdiyini vurğulayıb. O, həmçinin Trampın prezidentliyi dövründə ABŞ ordusunda könüllülərin sayının rekord həddə çatdığını və hərbçilərin sosial təminatının yaxşılaşdırıldığını iddia edib.
Trampdan Heqsetə dəstək
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında Heqsetin çıxışına münasibət bildirərək müdafiə nazirinə dəstək verib. O, Heqsetin Konqresin keçmiş üzvü Tomas Massiyə qarşı mövqeyini yüksək qiymətləndirib.
Kruz: Heqset ya istefa verəcək, ya da vəzifədən azad olunacaq
Texas ştatından olan respublikaçı senator Ted Kruz Heqsetin impiçmenti ilə bağlı təşəbbüsü şərh edib. O bildirib ki, Nümayəndələr Palatasında impiçment maddələri qəbul edilərək məsələ Senata göndərilsə, demokratlar prosesi uzada və Tramp administrasiyasının İranla müharibə kimi mübahisəli hesab etdikləri qərarlarını gündəmə gətirə bilərlər.
Kruzun fikrincə, Heqset ya istefa verəcək, ya da Tramp onu vəzifədən azad edəcək. Əks halda, Nümayəndələr Palatasında onun impiçmenti üçün kifayət qədər səs toplana bilər.
Heqsetin impiçmenti üçün 8 maddəlik təklif
Respublikaçı konqresmen Tomas Massi müdafiə naziri Pit Heqsetin impiçmenti ilə bağlı səkkiz maddədən ibarət təklifi Nümayəndələr Palatasına təqdim edib. Massi naziri Konqresin icazəsi olmadan müharibələrə başlamaqda, mülki şəxslərin müdafiəsini zəiflətməkdə və məhkəməsiz edamlar həyata keçirməkdə ittiham edib.
ABŞ-da impiçment prosesi əvvəlcə Nümayəndələr Palatasında başlayır. İmpiçment maddələri sadə səs çoxluğu ilə qəbul edilərsə, məsələ Senatın müzakirəsinə çıxarılır. Müdafiə nazirinin vəzifədən kənarlaşdırılması üçün isə Senatda iştirak edən üzvlərin üçdəikisinin səsi tələb olunur. 100 senatorun hamısı səsvermədə iştirak edərsə, qərar üçün 67 səs lazımdır.