Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) parlament və prezident seçkilərinin 2028-ci ildən daha erkən - 2027-ci ilin mayında keçirilməsi imkanını müzakirə edir.
Sherg.az xəbər verir ki, “Cumhuriyet” qəzetinin yazdığına görə, seçkilərin vaxtının erkən tarixə çəkilməsi ilə bağlı partiya daxilində müxtəlif variantlar nəzərdən keçirilir. Bəzi AKP nümayəndələri isə siyasi və iqtisadi vəziyyəti nəzərə alaraq 2027-ci ilin noyabrını daha real hesab edirlər.
Noyabrın əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş hüquq müşaviri Mehmet Uçum hakimiyyətin ümumi seçkilərin vaxtının dəyişdirilməsi üçün parlamentin dəstəyini almağa ümid etdiyini bildirib. Bu halda Ərdoğanın prezidentliyə son dəfə namizəd olması mümkün ola bilər.
Məlumata görə, 2027-ci ilin mayına üstünlük verilməsi variantında əsas amillərdən biri yanvarda pensiyaların artırılması ola bilər. Adi indeksasiya ilə yanaşı, pensiyaçılara birdəfəlik ödəniş və ya əlavə artım verilməsi də müzakirə olunur.
Hakim partiyadan bir mənbə bildirib ki, gözlənilən pensiya artımı baş verməsə, bunun cəmiyyətdə mənfi reaksiyanın qarşısını almağı çətinləşdirə biləcəyi gözlənilir.