Mer postu uğrunda Avinyanla Simonyan arasında mübarizə gedəcək

İrəvan Ağsaqqanlar Şurasının müxalifətçi üzvü Pedro Zarokyan Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın İrəvandakı vəziyyətlə bağlı tənqidi çıxışının hakimiyyət daxilindəki rəqabətlə əlaqəli ola biləcəyini bildirib.

Sherg.az xəbər verir ki, Zarokyan bu barədə “Sputnik Ermənistan”a açıqlamasında danışıb.

Akopyan daha əvvəl avtomobildən çəkdiyi videoda İrəvandakı tıxacları və yaşayış binalarının tikintisinə verilən icazələri istehza ilə tənqid edib. O, konkret şəxsin adını çəkməsə də, çıxışı İrəvan meri Tiqran Avinyana yönəlmiş tənqid kimi qiymətləndirilib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan isə həmin videonu sosial şəbəkədə paylaşıb.

Zarokyanın fikrincə, Avinyanla Simonyan arasında mer postu uğrunda rəqabət gedə bilər. O, hakim “Mülki Müqavilə” partiyasının reytinqinin aşağı düşməsi fonunda İrəvanda növbədənkənar mer seçkilərinin keçirilməsini də istisna etməyib.

Müxalifətçi həmçinin İrəvanın Yol Hərəkətinin İdarəetmə Mərkəzinin fəaliyyətini tənqid edib. Onun iddiasına görə, 74 əməkdaşın çalışdığı qurumun fəaliyyəti səmərəli deyil və mərkəz əsasən avtobuslardakı GPS cihazlarının monitorinqi ilə məşğuldur. Halbuki eyni işi “İrəvan Avtobusu” da həyata keçirir.

Zarokyan bildirib ki, mərkəzin rəhbəri Avinyanın qohumudur və peşəkar təcrübəsi olmadığı halda aylıq 1,8 milyon dram (təxminən 4 900 dollar) maaş alır.

Onun qənaətinə görə, hakimiyyətdə mümkün kadr dəyişiklikləri “Mülki Müqavilə” partiyasının nüfuzunu bərpa etməyəcək. Müxalifətçi hesab edir ki, hakim partiyanın reytinqinin aşağı düşməsinin səbəbləri ölkədə son səkkiz ildə yaranmış ümumi vəziyyətlə bağlıdır.