“Real Madrid”in baş məşqçisi Joze Mourinyonun komandada toxunulmaz hesab etdiyi dörd futbolçunun müqavilələrinin yenilənməsi üçün klub rəhbərliyinə müraciət etdiyi iddia olunur. İspaniya mətbuatı Madrid təmsilçisinin Arda Gülərə təklif etdiyi yeni müqavilənin və futbolçunun qazanacağı maaşın detallarını açıqlayıb.
Sherg.az xəbər verir ki, Türkiyənin “Milliyet” nəşrinin məlumatına görə, “Real Madrid” son dövrlər transfer xəbərlərində adı hallanan Arda Gülərin komandadakı gələcəyini təminat altına almaq üçün hərəkətə keçib.
Mourinyodan rəhbərliyə tələb
İspaniyanın “El Debate” nəşrinin yazdığına görə, “Real Madrid”in baş məşqçisi Joze Mourinyo klub rəhbərliyindən Arda Gülər, Cud Bellinqem, Orelyen Tçuameni və Federiko Valverdenin komandadakı gələcəyinin təmin olunmasını istəyib.
Portuqaliyalı mütəxəssis bu futbolçuların müqavilələrinin uzadılmasını və maaşlarının artırılmasını tələb edib.
Xəbərdə Arda Gülər “sehrbaz” adlandırılıb. Onun istedadı, qızıl dəyərində ötürmələri və qolları ilə əsas heyətdə yer almağa layiq olduğu vurğulanıb.
İlk hədəf Arda Gülərdir
“Real Madrid”in müqavilə yeniləmək istiqamətində ilk hədəfinin məhz Arda Gülər olduğu bildirilir. Klub rəhbərliyi komandada toxunulmaz hesab edilən türkiyəli futbolçu ilə yeni müqavilə imzalamaq üçün danışıqları davam etdirir.
Yeni maaşı 8 milyon avro olacaq
İddialara görə, Arda Gülər müqaviləni yeniləyəcəyi təqdirdə maaşında ciddi artım əldə edəcək. Madrid klubu 21 yaşlı futbolçuya 5 illik yeni müqavilə və illik 8 milyon avro maaş təklif edib. “Real Madrid”in yaxın vaxtlarda razılıq əldə olunacağına ümid etdiyi bildirilir.
Qeyd edək ki, Arda Gülərin hazırkı müqaviləsi 2029-cu ildə başa çatır. Son vaxtlar onun adı PSJ ilə də hallanırdı. Türkiyə millisinin üzvü cari mövsümdə “Real Madrid”in heyətində 14 oyuna çıxıb, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.