Türkiyənin Malatya şəhərində hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərlə vida mərasimi keçirilib.
Sherg.az xəbər verir ki, İHA və AA-nın məlumatına görə, noyabrın 12-də Yeşilyurt rayonunun Samanköy ərazisində S-70 tipli hərbi helikopter naməlum səbəbdən qəzaya uğrayıb. Hadisə nəticəsində 4 hərbçi – mayorlar Erdem Çimen və Orhun Pınar, baş gizir Hüseyin Zehir və gizir Serkan Önder şəhid olub.

Şəhidlərin nəşləri Malatyada keçirilən mərasimdən sonra Ankaraya gətirilib. Onlardan üçü ilə Mürted Hava Meydan Komandanlığında vida mərasimi təşkil olunub. Mərasimdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, tərcümeyi-halları oxunub, dualar edilib. Daha sonra nəşlər hərbi təyyarələrə aparılıb.
Mərasimdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu, yüksək rütbəli hərbçilər, şəhidlərin ailə üzvləri və yaxınları iştirak ediblər.
Şəhidlərin nəşləri hərbi təyyarələrlə doğulduqları bölgələrə yola salınıb. Erdem Çimen İzmirin Konak rayonunda, Hüseyin Zehir Hatayın Payas rayonunda, Serkan Önder isə Kayserinin Melikgazi rayonunda dəfn ediləcək.
Orhun Pınar üçün isə Ankaradakı Ahmet Hamdi Akseki məscidində vida mərasimi keçiriləcək.