ABŞ-də avadanlıqlarda yaranan nasazlıq səbəbindən tətbiq edilən uçuş məhdudiyyətləri aradan qaldırıldıqdan sonra hava nəqliyyatının fəaliyyəti tədricən bərpa olunur.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi məlumat verib.
O, “X” sosial şəbəkəsində yazıb ki, bu gün səhər saatlarından etibarən hava limanlarının fəaliyyəti tədricən normallaşır. Nazir uçuşların bərpa olunduğunu və hava nəqliyyatı ilə səyahət etməyin təhlükəsiz olduğunu bildirib.
Daffinin sözlərinə görə, aviaşirkətlər uçuş cədvəllərini yenidən tənzimlədikləri, təyyarə və ekipajları ehtiyac olan istiqamətlərə yönəltdikləri üçün gecikmələr və reyslərin ləğvi hələ də mümkündür.
Qeyd edək ki, ABŞ Federal Aviasiya Administrasiyası noyabrın 13-də uçuşların idarə olunmasında istifadə edilən avadanlıqlarda yaranan nasazlıq səbəbindən ölkənin bütün hava limanlarından uçuşları təxminən 4,5 saat müddətinə dayandırmışdı.
Şon Daffi daha sonra nasazlığın köhnəlmiş texnikadan qaynaqlandığını açıqlamışdı. Onun sözlərinə görə, həmin avadanlıqların yenilənməsi üçün təxminən 50 milyard dollar tələb olunur.