Yox olmaq təhlükəsi ilə üz-üzədir: Əhalisi 300 nəfərə düşüb, körpə doğulmur

ABŞ-ın Virciniya ştatındakı Tanqier adası yüksələn dəniz səviyyəsi və əhalinin sürətlə azalması səbəbindən yox olmaq təhlükəsi ilə üzləşib.

Sherg.az xəbər verir ki, NTV-nin “Reuters”ə istinadən yaydığı məlumata görə, Çesapik körfəzində yerləşən adanın əhalisi 1960-cı ildəki 876 nəfərdən hazırda təxminən 300 nəfərə qədər azalıb. Son beş ildə ölüm və miqrasiya səbəbindən əhali 100-dən çox nəfər azalıb.

Adada sakinlərin orta yaşı 60-ı ötüb. Bu göstərici ABŞ üzrə orta yaşdan 20 il yüksəkdir. Tanqierin meri Ceyms Eskric CNN-ə açıqlamasında adada artıq heç bir körpənin və azyaşlı uşağın olmadığını bildirib. Onun sözlərinə görə, bu, adanın tarixində ilk belə haldır.

Məktəbdə iki sinif boş qalıb

Adanın yeganə məktəbində hazırda cəmi 34 şagird təhsil alır. İki sinifdə şagird olmadığı üçün bəzi dərslər materikdəki müəllimlər tərəfindən distant formada keçirilir.

Bundan başqa, adanın yeganə böyük marketi təxminən bir il əvvəl bağlanıb. Sakinlər materikdən ərzaq gətirilməsinin baha başa gəlməsinin biznes fəaliyyətini çətinləşdirdiyini bildirirlər.

Xərçəng ovuna qoyulan məhdudiyyətlər köçü sürətləndirib

Sakinlər əhalinin azalmasının əsas səbəblərindən birinin işsizlik olduğunu deyirlər. Virciniya ştatında 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində mavi xərçəng ovuna tətbiq edilən sərt məhdudiyyətlər adanın əsas gəlir mənbəyini zəiflədib.

Tanqier adası 1850-ci ildən bəri ərazisinin üçdə ikisini itirib. Dəniz səviyyəsinin yüksəlməsi ilə yanaşı, geoloji səbəblərdən torpaq sahəsinin çökməsi də vəziyyəti ağırlaşdırır.

Dəniz səviyyəsindən cəmi 90 santimetr yüksəklikdə yerləşən adanın küçələrinə, hətta məktəbin ərazisinə qədər qabarma-çəkilmə suları çatır.

Bununla belə, bəzi sakinlər adanın tərk edilmiş hesab olunmasına etiraz edir. Yerli əmlak agenti İren Levin son il yarımda adaya 15 yeni ev sahibinin köçdüyünü və turizmin canlanmaya kömək edə biləcəyini bildirib.