Türkiyəli mütəxəssislər sosial şəbəkələrdə yayılan bel və boyun “çırtlatma” prosedurlarının ciddi sağlamlıq riskləri yaratdığı barədə xəbərdarlıq ediblər.
Sherg.az xəbər verir ki, Türkiyə Fiziki Tibb və Reabilitasiya Dərnəyinin sədri, dosent İbrahim Halil Erdem bu müdaxilələrin yalnız səlahiyyətli və ixtisaslı həkimlər tərəfindən aparılmalı olduğunu bildirib.
Onun sözlərinə görə, qeyri-peşəkar şəxslərin etdiyi müdaxilələr damarların zədələnməsinə, beyinə qan sızmasına, insult, iflic və hətta ölümə səbəb ola bilər.
Erdem Türkiyədə 40 yaşlı bir şəxsin boyun “çırtlatma” prosedurundan sonra həyatını itirdiyini də xatırladıb. Məhkəmə-tibbi ekspertiza zamanı həmin şəxsin beynində və onurğa beynində qanaxma aşkarlanıb.
Mütəxəssis vətəndaşlara sağlamlıqları ilə bağlı hər hansı prosedura müraciət etməzdən əvvəl onu həyata keçirən şəxsin müvafiq səlahiyyət və ixtisasa malik olduğuna əmin olmağı tövsiyə edib.