Yeniliyin və inkişafın ünvanı : Qazax

Azərbaycanın qərb qapısı, zəngin tarixi və mədəni irsi ilə seçilən Qazax rayonu bu gün yeni inkişaf mərhələsini yaşayır. Ölkə rəhbərliyinin regionların sosial-iqtisadi inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, dövlət proqramlarının uğurlu icrası nəticəsində rayonda genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. İnfrastrukturun yenilənməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması və regionun iqtisadi potensialının artırılması istiqamətində görülən işlər təkcə rayon mərkəzini deyil, ən ucqar dağ və sərhəd kəndlərini də əhatə edir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun və icra strukturlarının peşəkar komandasının səyi ilə son illərdə Qazax şəhərinin və kəndlərin infrastrukturunda köklü dəyişikliklər baş verib. Şəhərin mərkəzi prospekt və küçələri əsaslı təmir olunaraq asfaltlanıb, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün yeni səkilər salınıb, müasir işıqlandırma sistemləri quraşdırılıb. Çoxmənzilli yaşayış binalarının dam örtükləri yenilənib, fasadları müasir üslubda üzlənib, həyətlərdə abadlıq işləri aparılıb. Şəhərin ümumi görünüşünün yaxşılaşdırılması ilə yanaşı, sakinlərin rahatlığının təmin olunması da diqqət mərkəzində saxlanılıb.

Eyni zamanda, şəhər sakinlərinin və qonaqların asudə vaxtının səmərəli təşkili məqsədilə yeni parklar və istirahət guşələri yaradılıb, mövcud istirahət məkanları əsaslı şəkildə yenidən qurulub, yaşıllıq zolaqları genişləndirilib. Bu məkanlar həm şəhərin estetik görünüşünü zənginləşdirir, həm də ailələrin, uşaqların və gənclərin istirahəti üçün əlverişli şərait yaradır. Bununla yanaşı, şəhər ərazisindəki təhsil və səhiyyə müəssisələrinin maddi-texniki bazası gücləndirilib, məktəblər, tibb müəssisələri və uşaq bağçaları əsaslı təmir olunub və ya yenidən tikilərək müasir avadanlıqlarla təchiz edilib. Qeyd olunmalıdır ki, Qazax Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşovun yeniliklərin , abadlıq quruculuq işlərinin həyata kecirilməsində kreativ düşünçəsi mühüm rol oynayır. 

Qazaxda həyata keçirilən quruculuq işlərinin mühüm istiqamətlərindən biri də kəndlərin inkişafı və infrastruktur təminatının yaxşılaşdırılmasıdır. "Kəndlərin inkişafı- ölkənin inkişafıdır" prinsipi əsasında rayonun müxtəlif kəndlərini birləşdirən avtomobil yollarının çəkilməsi və yenidən qurulması istiqamətində mühüm layihələr reallaşdırılıb. Onlarla kəndi bir-biri ilə və rayon mərkəzi ilə birləşdirən, əhalinin gediş-gəlişini təmin edən yollar əsaslı şəkildə təmir olunaraq asfaltlanıb. Xüsusilə Qazağın Quşçu Ayrım, Çaylı, Kosalar, Daş Salahlı, Kəmərli, Qaymaqlı və digər istiqamətlərində yol infrastrukturu yenilənib. Bu işlər uzun illər mövcud olmuş nəqliyyat problemlərinin aradan qaldırılmasına, sakinlərin istənilən fəsildə rayon mərkəzinə daha rahat və təhlükəsiz şəkildə gedib-gəlməsinə imkan yaradıb.

Yol infrastrukturu ilə yanaşı, kəndlərdə körpülərin və suötürücü qurğuların bərpası da həyata keçirilib. Sel sularından zərər görmüş və ya istismar müddətini başa vurmuş kənddaxili körpülər və keçidlər yenidən qurulub. Bununla da yağışlı və sel sularının artdığı dövrlərdə yaranan çətinliklərin aradan qaldırılması, kənd sakinlərinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində mühüm addımlar atılıb.

Kəndlərin kommunal təminatının yaxşılaşdırılması da görülən işlərin əsas istiqamətlərindəndir. Rayonun yaşayış olan demək olar ki, bütün kəndləri, o cümlədən sərhəd yaşayış məntəqələri fasiləsiz təbii qazla təmin edilib. Elektrik təsərrüfatında da əsaslı yenilənmə işləri aparılıb. Belə ki, kəndlərdə köhnə ağac elektrik dirəkləri dəmir-beton dirəklərlə əvəzlənib, özünüdaşıyan izolyasiyalı (SİP) kabelləşmə həyata keçirilib, yeni transformator yarımstansiyaları quraşdırılıb. Bu tədbirlər elektrik enerjisinin daha etibarlı və fasiləsiz təminatına xidmət edir.

Əhalinin içməli suya, kənd təsərrüfatı sahələrinin isə suvarma suyuna olan tələbatının ödənilməsi məqsədilə də bir sıra layihələr icra olunub. Xanlıqlar, Alpout, Hüseynbəyli, Canallı, Orta Salahlı və digər kəndlərdə onlarla yeni subartezian quyusu qazılaraq istifadəyə verilib. Bununla yanaşı, kənd təsərrüfatı torpaqlarının suvarılmasını yaxşılaşdırmaq məqsədilə magistral və kənddaxili suvarma kanalları lildən təmizlənib, beton üzlüyə alınıb. Bu işlər su itkisinin azaldılması, suvarma sisteminin səmərəliliyinin yüksəldilməsi və fermerlərin əkin sahələrini su ilə təmin etməsi baxımından mühüm əhəmiyyət daşıyır ki, bu işlər də rayon rəhbərliyinin səmərəli fəaliyyəti sayəsində mümkün olub

Rayonda təhsil infrastrukturunun yenilənməsi kəndlərdə də davam etdirilib. Bir sıra yaşayış məntəqələrində qəzalı vəziyyətdə olan məktəblərin yerində müasir modul tipli təhsil müəssisələri quraşdırılıb, digər məktəb binaları isə əsaslı təmir olunub. Bala Cəfərli, Qazaxbəyli, Aslanbəyli, Aşağı Salahlı və digər kəndlərdə həyata keçirilən bu işlər şagirdlərin daha yaxşı təhsil şəraiti ilə təmin olunmasına yönəlib. Eyni zamanda, kəndlərdə körpələr evi-uşaq bağçalarının və tibb məntəqələrinin yenidən qurulması istiqamətində də layihələr həyata keçirilib. Daş Salahlı, Kosalar, Çaylı və digər kəndlərdə uşaq bağçaları əsaslı şəkildə yenilənib, kənd həkim məntəqələri müasir avadanlıqlarla təchiz olunub. Beləliklə, kənd sakinlərinin məktəbəqədər təhsil və ilkin tibbi xidmətlərə çıxış imkanları yaxşılaşdırılıb.

Qazax rayonunun iqtisadiyyatında kənd təsərrüfatı aparıcı sahələrdən biri olduğundan bu istiqamətdə də mühüm addımlar atılır. Kənd ərazilərində müasir aqroparklar, heyvandarlıq kompleksləri və istixana təsərrüfatları yaradılıb. Bu təsərrüfatlar bir tərəfdən kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, digər tərəfdən isə kənd sakinlərinin məşğulluğunun təmin olunmasına töhfə verir. Fermerlərə güzəştli şərtlərlə kənd təsərrüfatı texnikaları, gübrə və toxum dəstəyi göstərilir. Dövlət dəstəyi nəticəsində əkin sahələrinin, xüsusilə taxılçılıq və kartofçuluq sahələrinin genişləndirilməsi, eləcə də maldarlıq, bağçılıq və istixana təsərrüfatlarının inkişafı üçün imkanlar artırılıb. Suvarma infrastrukturunun yaxşılaşdırılması da bu sahələrin inkişafına müsbət təsir göstərən amillərdəndir.

Qazaxda aparılan abadlıq və quruculuq işləri sırasında Ermənistanla sərhəddə yerləşən kəndlərin təhlükəsizliyinin və yaşayış şəraitinin yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır. Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istinad divarları tikilib, fərdi yaşayış evlərində təmir işləri aparılıb. Sərhəd kəndlərində həyata keçirilən bu tədbirlər əhalinin gündəlik həyatının yaxşılaşdırılması və yaşayış məntəqələrinin infrastrukturunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bununla yanaşı, Qazaxın işğaldan azad edilmiş dörd kəndində- Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılıda da yeni mərhələyə hazırlıq işləri həyata keçirilir. Həmin ərazilərdə minalardan təmizləmə, sərhəd infrastrukturunun qurulması və gələcək bərpa-quruculuq işlərinə hazırlıq prosesləri davam etdirilir. Bu istiqamətdə görülən tədbirlər kəndlərin gələcəkdə yenidən qurulması və yaşayış üçün əlverişli vəziyyətə gətirilməsi baxımından mühüm mərhələ təşkil edir.

Qazaxın inkişafı yalnız iqtisadi və sosial layihələrlə məhdudlaşmır. Rayonun zəngin tarixi-mədəni irsinin qorunması, tarixi abidələrin və görkəmli şəxsiyyətlərin xatirəsinin yaşadılması da diqqət mərkəzindədir. Bölgənin zəngin ədəbi və maarifçilik mühitini əks etdirən muzeylərin, tarixi abidələrin və görkəmli şəxsiyyətlərin ev-muzeylərinin bərpası bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycan təhsil tarixində müstəsna yer tutan Qazaxın maarifçilik ənənələrinin bu gün də yaşadılması baxımından əlamətdar işlər görülür.

Beləliklə, Qazax rayonunda həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri şəhərdən ən ucqar kəndlərə qədər geniş ərazini əhatə edir. Yenilənən avtomobil yolları, bərpa olunan körpülər, qaz və elektrik təsərrüfatının müasirləşdirilməsi, su təminatının yaxşılaşdırılması, yeni təhsil və səhiyyə müəssisələrinin yaradılması, kənd təsərrüfatına göstərilən dəstək rayonun sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Tarixi-mədəni irsin qorunması və sərhəd kəndlərinin infrastrukturunun gücləndirilməsi isə bu inkişaf prosesini daha da əhatəli edir. Görülən işlər Qazaxın gələcək tərəqqisi, turizm potensialının reallaşdırılması və sakinlərin rifahının yüksəldilməsi üçün möhkəm zəmin yaradır.