"Fənərbağça" Meyson Qrinvudun transferini rəsmən elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İngiltərəli hücumçu 39 milyon avro qarşılığında heyətə cəlb olunub. Bu keçid "Fənərbağça" tarixinin ən bahalı transferi kimi qeydə alınıb.
Klubun açıqlamasında bildirilir: "Meyson Qrinvudun transferi ilə bağlı həm klubu, həm də oyunçunun özü ilə razılıq əldə olunub. Ümumi məbləği 39 milyon avro təşkil edən transfer haqqı "Olimpik Marsel" klubuna üç il ərzində üç bərabər hissə ilə ödəniləcək. Bundan əlavə, FIFA qaydalarında nəzərdə tutulmuş həmrəylik ödənişi də klubumuz tərəfindən həyata keçiriləcək".
"Fənərbağça" 24 yaşlı futbolçu ilə 2030-cu ilin iyununa qədər qüvvədə olacaq 4 illik müqavilə imzalayıb. İngiltərəli ulduzun komandada illik təxminən 10 milyon avro xalis əməkhaqqı alacağı gözlənilir.
14 iyul, 17:00
İngiltərəli hücumçu Meyson Qrinvud karyerasını Türkiyədə davam etdirəcək.
Oxu.Az xəbər verir ki, bu keçid barədə tanınmış idman insayderi Fabritsio Romano məlumat yayıb.
Bildirilib ki, "Fənərbağça" rəhbərliyi 24 yaşlı hücumçunun transferi istiqamətində "Marsel"lə aparılan danışıqları uğurla yekunlaşdıraraq tam razılığa gəlib. Əldə olunan razılaşmanın maliyyə detallarına əsasən, İstanbul təmsilçisi Fransa klubunun büdcəsinə 40 milyon avro sabit ödəniş edəcək. Bununla yanaşı, müqavilə şərtlərində daha 2 milyon avro dəyərində əlavə bonus paketi də öz əksini tapıb.
Qeyd olunur ki, Qrinvud "Fənərbağça" ilə 2030-cu ilin iyun ayınadək nəzərdə tutulan uzunmüddətli sözləşməyə imza atacaq. İngilis futbolçunun İstanbul klubundakı illik qazancı isə təqribən 10 milyon avro təşkil edəcək.