Respublika əhəmiyyətli yollar boyunca, magistrallarda, rayon və şəhərlərarası yeni salınan avtomobil yollarında və ölkədaxili dəmiryol xətləri boyunca keyfiyyətli internet təminatında ciddi problemlər var.
Bu fikirlərlə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edib.
Aparılan monitorinqlər və müşahidələrin nəticələri barədə danışan O.Gündüz bildirib ki, bəzi ərazilərdə 4G, bəzi yerlərdə 3G və 2G, bir çox ərazilərdə isə ümumiyyətlə, bağlantı tapmaq, şəbəkəyə qoşulmaq mümkün deyil:
“Əlbəttə, hər bir mobil operator üçün bütün nəqliyyat kommunikasiyaları boyunca infrastruktur yaratmaq böyük investisiyalar tələb edir. Digər tərəfdən də ölkədə aparılan islahatlar, rəqəmsallaşma, regionların və turizmin inkişafı tələb edir ki, keyfiyyətli internet bütün kommunikasiyalar boyunca əlçatan olsun.
Düşünürəm ki, öncə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bütün respublika əhəmiyyətli və yeni salınan avtomobil yolları boyunca və dəmir yolu boyunca monitorinqlər aparmalıdır. Harada 2G, 3G və 4G-nin, ümumiyyətlə, şəbəkənin əlçatan olması müəyyən edilməlidir. Mobil əlaqənin olmadığı ərazilər qeyd olunmalıdır. Bundan sonra, fikrimcə, telekommunkasiya və mobil operatorlarla birgə bu problemlərin həlli üçün konkret tədbirlər müəyyən olunmalıdır”.