"Son bir neçə gündə bəzi KİV-lərdə yeni yaradılmış ictimai çimərliklərdəki vəziyyətlə bağlı həqiqətə uyğun olmayan xəbərlər verilib. Tam rəsmi şəkildə bildiririk ki, Bakı şəhərində Səbail rayonu “Şıx” ərazisində, Xəzər rayonu Buzovna və Binəqədi rayonu Görədil qəsəbələrində IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə yeni yaradılmış ictimai çimərliklər pulsuzdur”.
Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov məlumat verib.
Onun sözlərinə görə, çimərliklərdə sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması və təmizlik işlərinin aparılması üçün xidmət personalı fəaliyyət göstərir və bura nəzarətdə saxlanılır.
İsrafil Kərimov bildirib ki, həmin KİV-lərdə qeyd olunanlar isə şayiələrdən başqa bir şey deyil.