Həkim: "Körpənin düzgün inkişaf etməsini, immunitetinin möhkəm olmasını arzu ediriksə, onları ana südü ilə qidalandırmalıyıq"
Yeni doğulan körpələrə doğulduğu ilk gündən süni qida verilməsi Səhiyyə Nazirliyini, o cümlədən neonatal komissiyanın ekspertlərini də narahat edir. Bu barədə Səhiyyə Nazirliyi və UNİCEF birgə məlumat yayıb.
Məlumatda bildirilir ki, bu məqsədlə UNİCEF-in “Körpə dostu klinikası” təşəbbüsü ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və neonatal komissiyanın ekspertlərinin istiraki ilə təbii qidalanmanın müstəsna rolu haqqında strategiya hazırlanıb:"Məqsədimiz və hədəfimiz bütün doğum evlərində istər təbii doğuş, istərsə də keysəriyə kəsiyi ilə doğulmasından asılı olmayaraq bütün uşaqlara ana ilə dəri təmasının qurulmasını, gələcəkdə körpənin ana südü ilə uğurlu qidalanmasını təmin etmək üçün ilk 1 saat ərzində döşə qoyulmasını tətbiq etməyə nail olmaq və bunun vacibliyini analara izah etməkdir ki, süni qida qəbulu adi hala çevrilməsin.Hazırda hamilə qadınların hamiləlik dövründə mama-ginekoloqların nəzarətində olduqları müddətdə də bu barədə məlumatlandırma aparılır. Məlumatlı ana bu qaydalara riayət etməyən doğum evlərində olarkən özü səy göstərərək, körpəsinə yalnız ana südü verəcəyini qətiyyət və israrla bildirə bilir. Anaların düzgün əmizdirmə barədə kifayət qədər məlumatlandırılması üçün kitabçalar hazırlanır, bu istiqamətdə gənc analarla maarifləndirmə işləri də gücləndirilir. Göstəriş olmadan süni qida təyin edən həkimlərin askar edilməsi üçün müvafiq tədbirlər hazırlanır. Süni qidaların reklamının yolverilməz olduğu qanunvericilikdə də öz əksini tapıb. Strategiyanın bir istiqaməti də ana südü verilməsinin körpənin 6-cı ayına kimi davam edib-etmədiyini öyrənməkdir".Nazirliyin ana olmağa hazırlaşan qadınlara müraciətində bildirilir ki, doğum evlərində körpələrini yalnız ana südü ilə qidalandıracaqlarını qətiyyətlə tələb etsinlər. Və yeni doğulmuş körpəni həyatının ilk saaatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırsınlar. Ana südü ilə qidalandırmanı dayandırmaq haqda uşağın 1-2 yaşından tez olmamalıdır. Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmuş körpəni həyatının ilk saatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırmaq körpənin həm sağlam böyüməsini, həm də beyninin inkişafını təmin edəcəkdir. Ona bu dövrdə digər maye (su, çay) və ya qida lazım deyil. Ana südündə yetərincə maye var və bu, hətta istidə belə körpənin tələbatını qoruyur.Əgər hər hansı tibbi göstəriş yoxdursa, körpələrə süni qidaların verilməsi körpənin fiziki və psixi inkisafina, həmçinin ananın sağlamlığına mənfi təsir göstərir. Süni qidalandırılma ailənin həm mənəvi, həm də maddi təməlinə zərbə vurur.Körpənin ana südü ilə qidalandırılması nəticəsində ana və uşaq arasında həm də mehriban münasibət, xoş ünsiyyət yaranır, heç şübhəsiz ki, bu, körpənin sağlam inkişafında mühüm rol oynayır. Səhiyyəmizdə yüzlərlə savadlı, təcrübəli, fədakar, mənəviyyatı saf, vicdanı təmiz tibb işçiləri bu barədə anaları məlumatlandırır və körpələrini dünyaya gəldiyi ilk saatdan etibarən əmizdirməyi onlara tövsiyə edirlər. Təəssüflər olsun ki, bəzən anaları süni qidalara yönəldənlərə də rast gəlinir.
Pediatr Vaqif Qarayev Səhiyyə Nazirliyinin analara müraciətini müsbət qarşıladı:
- Biz həkimlər onsuz da həmişə analara ciddi tapşırırıq ki, körpələrini mümkün olduğu qədər, gücləri yetdiyi qədər, hətta daha artıq səy göstərib ana südü ilə qidalandırsınlar. Köbrpə üçün ən təbii və zəruri qida ana südüdür. Ana sudünü heç bir qida əvəz edə bilməz. Əgər körpənin normal böyüməsini, düzgün inkişaf etməsini, immunitetinin möhkəm olmasını arzu ediriksə, körpəni ana südü ilə qidalandırmalıyıq. Bəzən gənc analar südlərinin olmamasından şikayətlənirlər. Birinci növbədə ana bu həqiqəti tam dərk etməli və qəbul etməlidir ki, bir ana kimi uşağını əmizdirməyə qabildir. İkincisi də, ana südü körpə üçün ən ideal və əvəzsiz qidadır. Bu iki şərt effektiv südgətirici vasitədir. Ana südü sıradan bir qida deyil. Körpə ilə ana arasında bağlılıq yaradan qidadır. Ana südü ilə böyümüş uşaqlar ailələrinə, anaya sıx bağlı olur. Körpəni əmizdirməyin ana üçün o qədər üstünlükləri var ki!.. Körpəsini əmizdirən qadınlar arasında onkoloji xəstəliklərə çox az rast gəlinir. Yəni, körpənin ana südü ilə qidalanması həm körpə üçün, həm də ana üçün əvəzsiz nemətdir.Amma bilirik ki, bəzən müxtəlif səbəblərdən ana südü olmaya da bilər. Belə olduğu halda məcburiyyət qarşısında körpəyə süni qida təyin edilir. Anaların süni uşaq qidası seçməsi isə həqiqətən də böyük problemdir. Əgər biz anaların maarifləndirilməsini istəyiriksə, məsələni düzgün tərəfdən izah etməliyik. Həkimlər süni qidanın nə zaman təyin olunmasını düzgün müəyyənləşdirməlidir. İlk doğuşdan sonra bəzən ananın 1 gün və ya bir neçə gün südü olmur. Amma bu o demək deyil ki, süd verməkdən birdəfəlik əl çəkib, körpəni süni qidaya alışdırmaq lazımdır. Bu vəziyyət qadının orqanizmindən də asılıdır. Elə qadın var, ilk gündən etibarən südü olur, eləsi də var, bir neçə gün südü olmur, lakin körpəni əmizdirməyə davam etdikcə, stimulyasiya prosesi gedir və süd gəlir. Körpəni əmizdirməkdən heç vaxt vaz keçilməməlidir. Körpəyə süni qidanın təyini yalnız tibbi personal tərəfindən, artıq başqa çıxış yolu, alternativ variant olmadıqda mümkündür. Sadəcə, baxmaq lazımdır ki, süni qida körpədə qəbizlik yaratmır, yaxud, allergik reaksiya vermir ki. Çünki bəzi qida qarışıqlarının tərkibində xüsusən qəbizlik və allergiya əleyhinə komponentlər olur. Körpənin qidanı necə qəbul etməsindən asılı olaraq, qida dəyişdirilə bilər. Bunu da körpənin həkimi təyin etsə yaxşıdır. Yenə deyirəm, ən əla qida yalnız ana südüdür. Ana südünün bol olması üçün də müxtəlif vasitələr mövcuddur. Körpə dünyaya gətirməyə hazırlaşan qadınlar gərək ciddi surətdə maariflənsinlər. Qidalanmalarına diqqət etsinlər, vaxtlı-vaxtında həkim müayinəsindən keçsinlər, həkimlərin məsləhətini, tösiyələrini dinləsinlər və əməl etsinlər".