Ekspert: "Kafelər və çayxanalardakı xoşagəlməz vəziyyət şəhərin “xəstə” halından xəbər verir"
Sosial şəbəkələrdə Bakıda piyada səkilərinin zəbt olunması ilə bağı fotolar yayılıb. Görüntüdən məlum olur ki, piyadaların gediş-gəlişi üçün nəzərdə tutulan səkidə kafeyə məxsus stollar və stullar düzülüb. Bakı şəhər Baş Polis İdarəsi bununla bağlı məsələyə münasibət bildirib. Polislər paytaxtdakı kafelərdə içib səs-küy salanlarla mübarizəyə başlayıb.
İdarənin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 23 ünvanında yaşayan sakinlərin müraciəti əsasında ərazidə müşahidə olunan sosial-neqativ hallar avqustun 27-də aradan qaldırılıb.
E.Hacıyev qeyd edib ki, Bakı şəhər BPİ İctimai Təhlükəsizlik və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi birgə keçirdiyi profilaktik tədbirlərlə sakinləri narahat edən çay evlərinin fəaliyyəti, piyada səkilərinin zəbt olunması, küçə ticarəti və antisanitariya ilə bağlı təsirli tədbirlər icra edilib:
"İctimai qaydanı pozan şəxslərlə profilaktik-maarifləndirici söhbətlər aparılıb, əməlin hüquqa zidd olması vurğulanıb.Eyni zamanda, yaşayış binasının qarşısında yaranan vəziyyət - çayxanalarda insanların sərxoş vəziyyətdə səs-küylü söhbətləri, rok musiqi sədaları altında əylənmələri sakinlərin rahatlığının pozulması ilə bağlı Baş İdarəyə daxil olan müraciətlər əsasında ərazidə ictimai qaydanın qorunması və asayişin davamlı olması üçün müvafiq naryadlar ayrılaraq təlimatlandırılıb".
Həyata keçirilən tədbirlərin effektiv olacağını deyən sabiq polis rəisi Mahmud Hacıyev Sherg.az-a açıqlamasında polislərimizin bu cür tədbiri həyata keçirməsini alqışladığını dedi.
Onun sözlərinə görə, bütün bunlar ictimai asayişin qorunması üçün həyata keçirilən tədbirlərdir: “Keçmiş polis rəisi kimi bu addımı olduqca müsbət dəyərləndirirəm. Çox düzgün və yerində olan tədbirdir. Kafelər və çayxanalardakı xoşagəlməz vəziyyət şəhərin “xəstə” halından xəbər verir. Son vaxtlar kafelərin bəziləri qayda-qanuna tabe olmadan müəyyən səs-küy yaradırdılar. Səs-küy yaratmaq isə ictimai asayişin kobud surtədə pozulması deməkdir. Belə hallar insanların yaşayış və istirahət hüququna təsir edən amillərdir. Elə olur ki, yaşayış binasının altında kafe və çay evləri açırlar. Orada müəyyən səs-küylər, hərdən də dava-dalaşlar olur. Kütləvi informasiya vasitələri də həmişə bu problemi qeyd edirlər. Məhz bu cür xoşagəlməz məqamın qarşısının alınması yönünüdə atılan addımlar çox yaxşıdır. Amma belə hadisələrin qarşısını almaq üçün yerinə yetirilən işlər polisin əməliyyat tədbiri yox xidmət sahəsidir. Polislərimiz də bununla əlaqədar işlər görürlər. Ona görə də bu sahədə yerinə yetirilən düzgün tədbilər çox effektli olacaq”.