“Azərbaycan dövləti çətin sınaqları arxada qoydu” – Akif Aşırlı yazır


Dünyanı ağuşuna alıb, nəhəng dövlətləri belə silkələyən "taclı" virus bəlası Azərbaycan dövlətinin cəld, vaxtında verilən qərarları nəticəsində önləndi. Prezident İlham Əliyevin iradəli davranışı, fövqəl rejimdə dövlətin müvazinətini qoruyub saxlaması, idarəçiliyə cəlb olunan peşəkar komandanın çevik və operativliyi sayəsində bir sıra qərarlar vaxtında həyata keçdi. Siyasətinin ana xəttində Azərbaycan vətəndaşının sosial rifahı, sağlamlığı və inkişaf meyarı dayanan Cənab Prezident karantin rejimində insanların maddi sıxıntılarının yaranmaması üçün bir sıra ard-arda sərəncamlar imzaladı.
Vətəndaşın rifah amilini həmişə ön plana çəkən Azərbaycan dövləti bir sıra qərarlar qəbul etdi. Dövlət və qeyri-dövlət sektorunda çalışanların əmək haqları qorundu. 300 min işçinin əmək haqqlarının bir hissəsi dövlət tərəfindən ödənilməsi qərarlaşdırıldı. Sosial xidmətlərdə bir sıra yeniliklər tətbiq edildi. Elektron sistem üzərindən qurulan dinamik idarəetmə sistemi qayğıya ehtiyacı olanlar ücün əlçatımlı vəziyyətə gətirildi. 
Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparıldı, aparılır. Məlumdur ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. 17 apreldə Prezident tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Bununla yanaşı, dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılıb.

O cümlədən pandemiyanın iqtisadi təsirləri əsas götürülərək əhalinin məşğulluq imkanları artırılıb. DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb.

Bunun üçün 30 milyon manat vəsait ayrılıb və artıq 5 min şəxs işə cəlb edilib. Ümumilikdə ictimai iş yerlərinin sayı 90 minə çatıb. Xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib və hazırda da işləməyə davam edirlər. Mühüm məqamlardan biri də odur ki, işsizlər üçün ödəniləcək 190 manatlıq aylıq müavinət cənab Prezidentin qərarı ilə 200 min insana deyil, 600 min şəxsə ödəniləcək. Birdəfəlik ödəmə aprel-may aylarını əhatə edəcək. Ümumilikdə 9-17 apreldə 140 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib. Qısa müddət ərzində işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi də genişləndirilib. 2020-ci il üçün bu növ ödənişin 20 min nəfəri əhatə etməsi nəzərdə tutulur. Əlavə olaraq, 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır. Bunun üçün də İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb. Xüsusi həssas təbəqələrin sosial müdafiə tədbirlərinin gücləndirilməsi istiqamətində də ciddi addımlar atılıb.

Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyat əhalinin sosial ödənişlərinin davamlılığının təmin edilməsinə yönəldilib. Aprelin 1-dən ünvanlı sosial yarıdım alanların sayı 10 min ailə artıb. Ümumilikdə 80 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunur.

Hər ailəyə düşən yardımın məbləği 222 manatdır. Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri də aparılır. Hazırda 15 000-dən çox  tənha yaşlıya sosial xidmətlər göstərilir. Sosial tərəfdaşlar vasitəsilə artıq 17 minədək ərzaq payı tənha və əlilliyi olan şəxslərə verilib və bu proses davam edir. Bundan başqa, əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb. Həmçinin, bir qrup tələbənin illik təhsil haqqları da ödənilib. Görülən tədbirlərlə insanlarda gələcəyə ümid yaradıldı. Bütün görülən tədbirlər dövlətin sosial modelinin göstəricisi olaraq iqtisadi inkişaf tempinin daim qorunmasının, inkişafının nəticəsidir. Qorxu və panikanın yaranmasına imkan verilmədi.

Şayiələrin yaranmasının qarşısının alınmasında peşəkar medianın səyləri müsbət nəticələndi. Dövlətin bu "taclı" bəlanın insan həyatında qorxu fenomeninə çevrilməsinə imkan yaratmaması, Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın  həqiqətən də operativliyi vətəndaş təhlükəsizliyi amilini önə çıxardı. Əslində, bu belə də olmalıydı. Çünki Prezidentin daxili siyasətinin əsas ana xəttinin insan amilinə, insanların sosial rifah halına söykəndiyi şəksizdir”.