Təcili !- Ermənistan PKK-ya qucaq açır – “Türkiyənin hərbi müdaxiləsi qaçılmazdır !" - AKTUAL 

“Qardaş ölkə terrorizmlə mübarizə doktorinasına görə Dağlıq Qarabağı terrorçulardan təmizləyə bilər”

“Konkretləşmiş panoram əsasında hərbi əməliyyatlar keçirə biləcəyik”

“Hərbi əməliyyatları hətta Ermənistanadək davam etdirmək də mümkündür. Azərbaycan sərhəd xətlərini öz xeyrinə dəyişə bilər”


Sentyabrın 16-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, əlahiddə hərbi hissə komandirlərinin və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə görüşüb. Müdafiə Nazirliyindən  verilən xəbərə görə, görüşdə cəbhədəki son vəziyyətə toxunan nazir şəxsi heyətin döyüş hazırlığını və ayıq-sayıqlığını yüksək səviyyədə saxlamağı, eləcə də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə törədə biləcəyi genişmiqyaslı təxribatların qarşısının dərhal və qətiyyətlə alınmasını əmr edib.


Azərbaycan xalqının orduya inamının güclü olduğunu xatırladan nazir torpaqlarımızın işğaldan azad edilməsi naminə müqəddəs vəzifənin yerinə yetirilməsinə əsgərdən generaladək hər bir hərbi qulluqçunun hazır olduğunu bildirib.Bundan başqa Z.Həsənov orduda ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı vəzifəli şəxslərə konkret tapşırıqlar verib.

 Müdafiə nazirinin sözügedən əmri cəmiyyətdə böyük ruh yüksəkliyi yaradıb. Son vaxtlar baş verən hadisələr, o cümlədən PKK terrorçularının Ermənistana köçürülməsi müharibə ehtimalını artırır. 



Vəziyyəti dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri,  beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli baş vermiş olayları “Sherg.az”a təhlil edib: 

“Son günlər geniş müzakirə edilən bütün bu məqamlar ehtimal olan anti-terror əməliyyatlarının detallarıdır. Faktları ayrı-ayrılıqda yox, ümumi bir məsələnin tərkib hissəsi kimi qiymətləndirməliyik.

Əslində belə məsələlər əvvəllər də olub. Yəni tendensiyalar dövrə görə dəyişir. Erməni tərəfi danışıqlar prosesində müxtəlif təkliflərlə çıxış edir.

Hətta Dağlıq Qarabağın müstəqilliyinin tanınması kimi absurd bəyanat səsləndirir. Əlbəttə, onların hər biri status-kvonu daha uzun müddət qoruyub saxlamaq məqsədlidir. Ermənistan ölkəsinə köçürdüyü terrorçular və silahlı muzdluların sayını artırmaq niyyətindədir. Həmçinin könüllü dəstələrin yaradılması, xüsusilə snayper kurslarının təşkili, PKK-ya qucaq açmaq və s. məhz bu amala xidmət edir”. 

Ə. Əlibəylinin fikrincə, Türkiyənin məsələyə hərbi müdaxiləsi də tam realdır: 

“Məlum olduğu kimi, iki qardaş dövlət- Azərbaycan və Türkiyə  arasında hərbi münasibətlər ən yüksək səviyyədədir. Türkiyənin hərbi doktorinasına əsasən Dağlıq Qarabağda hərbi əməliyyatlar keçirmək ehtiyacı hüquqi cəhətdən əsaslandırılır.

Düşünürəm ki, Azərbaycan-Türkiyə və Azərbaycan-Rusiya tərəflərinin diplomatik istiqamətdə danışıqlarında hansısa nəticə əldə olunduqdan sonra konkretləşmiş panoram əsasında hərbi əməliyyatlar keçirə biləcəyik.

Əslində bu, qaçılmazdır. Düşmən bu vaxtadək münaqişə elementlərinin sayını artırmaqla vəziyyəti mürəkkəbləşdirməyə, münaqişə auditoriyasını genişləndirməyə çalışacaq. Məqsəd isə, bayaq da dediyim kimi, status-kvonu qorumaqdır. Türkiyə terrorizmlə mübarizə doktorinasına görə Dağlıq Qarabağa girərək, buradakı terrorçuları təmizləyə bilər”. 

Ekspertin sözlərinə görə, hərbi əməliyyatları hətta Ermənistanadək davam etdirmək də mümkündür: “BMT nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, əgər hansısa qonşu ölkədən başqa bir ölkənin ərazi bütövlüyünə təhdid varsa, qabaqlayıcı tədbirlər görülə bilər.

Türkiyə məhz buna istinad edərək Suriya ərazisinə daxil olmuşdu. Yəni Ermənistanın Suriyanın taleyini yaşaması mümkündür. Hətta Azərbaycan da həmin maddəyə uyğun hərəkət edə bilər. Çünki Ermənistanla bizim aramızda tanınmış dövlət sərhədləri yoxdur.

SSRİ dağılandan sonra bu sərhədlər konkret olaraq müəyyənləşməyib. İndikilər sadəcə şərtidir. Deməli, Azərbaycan sərhəd xətlərini öz xeyrinə dəyişə bilər. Burada əsas məsələ güc faktoru və onu əsaslandırmağı bacaran diplomatiyadır”.