Xeyirxah, mərd insanların qolumuzdan tutub işığa doğru irəli çəkməsi tarixi yaddaşımızdan heç vaxt silinməyəcək
180-dən çox "Şərq"çinin taleyi, tərcümeyi-halı, cəmiyyətdə duruşu və mesajları doğru yolda olduğumuzu bir daha təsdiqləyir
"Şərq" qəzetinin noyabrın 1-də 25 yaşı tamam olur. Bir igidin ömrü qədər yaşa sahib "Şərq" Azərbaycan mətbuatına, media məkanına onlarla peşəkar jurnalist, qələm insanı, qəzet tərtibatçıları bəxş edib. Qəzetin tarixi əmr kitabçasında 180-ə yaxın insanın taleyindən "Şərq"in keçib-gəldiyi fakt olaraq qalır.
Bu fakt quru statistika, adi barmaqla hesablanan sadə rəqəmlərdən ibarət deyil, hər bir insanın taleyinə, gələcəyinə bilavasitə təsir göstərəcək hadisələrdən ibarətdir. Bu 180 nəfərin hər birinin "Şərq"lə bağlı öz həyat hekayəsinin, acılı-şirinli xoş xatirələrinin olduğuna şəkki-şübhə yoxdur.
Ötən əsrin 90-cı illərinin ortalarında bir payız günü qolumuzu çırmayıb "deməyə sözümüz, fərqli baxışımız, düşüncəmiz var" deyib mətbu meydana atılmaq asan deyildi.
Bəlkə də həmin vaxt illüziyalara qapılmışdıq, bizi gözləyən təhlükələrdən, çətinliklərdən xəbərsiz irəliyə doğru can atırdıq.
Çox sonralar özünütəsdiq üçün atılan bu addımın cəsarətdən dolayı çox məşəqqətli, çətin bir yol olduğunu qəzetin hər hazırlanan sayında hiss elədik. "Azərbaycan" nəşriyyatının dar bir otağından "Şərq"in dünyasını, ictimai-siyasi ziddiyyətlərini, gözqamaşdıran demokratiyanın şəklini, azad sözün "təntənəsini" yaratmağa çalışdıq. Bir dar otağa yığışsaq da düşüncələrimizin sərhədini kiçiltməyi, balacalaşdırmağı istəmədik. Ona görə də real Azərbaycanın ziddiyyətlərinin mərkəzinə itələndik, bu qarmaqarışıqlıqdan baş açıb, salamat qalmağımızın yolunu aradıq, bəzən cəsarətlə əlahəzrət faktın üstünə yeridik, bəzən geri çəkildik, bəzən isə susduq.
Ötən əsrin 90-cı illərinin media mühitində bu arzuolunmaz "Şərq"in varlığı çoxlarını narahat elədi, ön sırada dayanan bəzi qəzetlərin yerinə "su salmağımız" da həngamələr çıxartdı, saysız-hesabsız məhkəmə çəkişmələrində əsəbimiz tarıma çəkildi, emosionallığımız yaradıcılığımıza, həyatımıza sirayət elədi, iradəmiz sınağa çəkildi.
Bezikdirmək, geri çəkmək istədilər, amma gəncliyimizdən, bir də mətbu sözün, kəlamın qüdrətinə inandığımızdan geri çəkilməyi qəbul etmədik. Başlamışıq, yolu yarımçıq saxlamaq olmaz, irəli getməliyik. Az qala "Məlikməmməd" nağılında olduğu kimi, işıq gələn tərəfə, ya da it hürən tərəfə getməyimiz içimizdə suallar yaratdı. Xeyirxah, mərd insanların qolumuzdan tutub işığa doğru irəli çəkməsi də tarixi yaddaşımızdan heç vaxt silinməyəcək. Bu 25 ildə şöhrətin zirvəsinə də yüksəldik, durğunluq dövrü də keçirdik, tənəzzül də yaşadıq. Əsas amacımız isə çox sadə olub: Məmləkətin media mühitində xor kapellasının bir üzvü olmayaq, müxtəliflikləri cəmiyyətə çatdıraq, siyasi düşərgələrlə aramıza az da olsa məsafə qoymağı bacaraq.
Bacardıqmı, ya yox, bunu yəqin əlahəzrət oxucu, gələcəkdə mətbuat tariximizi yazacaq araşdırmaçılar deyəcək, yazacaq. Keçmişə baxıb qorxmuruq, sarsıntı keçirmirik, gələcəyimizə də inamımız var. Baxmayaraq ki, kürəsəlləşən dünyada oxucu "hörümçək toru"nun içərisinə salınıb, jurnalistikanın bir peşə olaraq gələcəyi barədə bədbin proqnozlar verilir. Vətəndaş jurnalistikası, blogerlər, yutuberlər kimlər üçünsə cəlbedici görünüb, bu gün informasiya mənbəyi, qazanc yeri hesab olunsa da peşəkar jurnalistika öz yerini qoruyacaq, təsir imkanlarını getdikcə artırıb, həqiqi, sahib olduğu mərhələyə qədəm qoyacaq.
Ömrümüzün 25 ilini bağışladığımız "Şərq"in sıralarında püxtələşən, yetişən jurnalistlərlə yanaşı, dövlətə, dövlətçiliyə xidmət yolunu əsas götürüb müxtəlif qurumlarda, təşkilatlarda çalışanlar da var. Birmənalı, əminliklə daxilən rahat tərzdə ərz edim ki, "Şərq" məktəbinin məzunlarının əsas amalı Azərbaycanı bütöv, güclü görmək, türkçülük məfkurəsini çiyinlərində şərəflə daşımaq olub.
Bu, bərli-bəzəkli, adi bir cümlə deyil, əsl həqiqətdir. 180-dən çox "Şərq"çinin taleyini, tərcümeyi-halını, cəmiyyətdə duruşunu və mesajlarını təhlil etmək kifayətdir ki, yuxarıda ərz etdiyim fikir təsdiqini tapsın.
Bu 25 ildə "Şərq"çilər çox yeniliklərə imza atdı, fərqli yaradıcılıq metodlarından, texnikasından yararlanıb cəmiyyət hərəkətə gəlsin deyə bəzən əsəb sisteminə də toxuna bildi, polemikalara, diskussiyalara, əksfikirliyə üstünlük verdi.
Texniki baxımdan fərqli formatlara keçid etdi, ikirəngliyi arxada qoya bildi, az maliyyə ilə çox işləri uğurla yerinə yetirdi. Gənc yazarların həm təcrübə, həm də iş yerinə çevrildi, yeni nəsil jurnalistlərinin yetişməsinə töhfə verməyi bacardı.
Görəcəyimiz işlər, planlar, arzular o qədərdir ki, saymaqla bitməz. Müstəqilliyin bərpasının 30 ilinin 25 ilini öz səhifələrində yaşadan qoca "Şərq"in işığı Quzeyində olduğu kimi, Azərbaycanın Cənubuna da düşəcəyinə inanırıq. Əminik, gec, ya tez bu tarixi proseslərin şahidinə çevriləcəyik.
Gələcək nəsillərin 44 günlük Vətən savaşının ən etibarlı informasiya mənbəyi olaraq "Şərq"i seçəcəkləri də şübhəsizdir.
Əziz dostlar, 25 ilin qoca, müdrik "Şərq"i hər gün Sizin qəzetiniz olaraq əllərinizi isitməyə, oxumaq istədiklərinizi yazmağa, araşdırmağa çalışır. İndən sonra da belə olacaq. İnanın və əmin olun!
Akif Aşırlı