İran rəsmilərinin Moskvaya səfəri intensivləşib


Müzakirə edilən əsas məsələ Zəngəzur dəhlizidir

İran Xarici işlər nazirinin müavini Əli Bağeri Kani rusiyalı rəsmilərlə görüşmək üçün Moskvaya səfər edib. Nazir müavini Moskvada Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, eyni zamanda xarici işlər nazirinin müavini Mixayıl Boqdanov, Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkovla görüşəcək. Əli Bağeri Kani ABŞ-ın İrana tətbiq etdiyi ağır sanksiyalarla bağlı Rusiya, Çin və 3 Avropa ölkəsinin iştirakı ilə müzakirələr aparılacağını qeyd edib. 

Nazir müavini bildirib ki, rusiyalı rəsmilərlə görüşdə İran-Rusiya əlaqələri, eyni zamanda bölgədə baş verən son proseslər və beynəlxalq məsələlərlə bağlı müzakirələr aparılacaq.

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva "Şərq"ə açıqlamasında bildirib ki, İran rəsmilərinin son günlər ard-arda Rusiyaya səfər etməsi gündəmdə olan bir neçə məsələ ilə bağlıdır. Politoloq qeyd edib ki, əsas məsələlərdən biri təbii ki, Zəngəzur dəhlizidir: 

"Kommunikasiyaların açılması ilə bağlı danışıqların intensivləşməsi, Ermənistan tərəfinin çağırışlara adekvat reaksiyası, 8 noyabr görüşünün gündəmində bu məsələnin mütləq ki, yer almış olması, həmçinin, Ərdoğanın Füzuli səfəri zamanı dəhlizin təməli sayılan Horadiz-Zəngilan-Ağbənd yolunun əsasının qoyulması İranı narahat etməyə bilməzdi. İran bu dəhlizi həm Türk birliyinin yaranması baxımından, həm də öz layihələrinin iqtisadi rentabelliyini aşağı salması baxımından özünə qarşı təhdid hesab edir. Və istənilən vasitə ilə layihənin baş tutmasını əngəlləməyə çalışır. Hətta bununla bağlı alternativ Fars körfəzi-Qara dəniz marşrut xətti layihəsi də ortaya atılıb ki, layihənin icrasını mümkünsüz edən başlıca faktor Rusiyanın burada iştirak etməməsidir. Görüşlərdə müzakirə edilən ikinci başlıca məsələ Suriyada İran hərbi bazalarına qarşı təhlükənin yaranmasıdır. Ötən günlərdə Putinlə Bəşər Əsədin görüşü zamanı Rusiya prezidentinin “Suriyadan xarici qüvvələr çıxarılmalıdır” bəyanatı Türkiyə qədər İrana da istiqamətlənib. Ümumiyyətlə, son dövrlər İranın Suriyada nüfuzu deqradasiya durumundadır. Dəməşqdə yalnız “Bəşər Əsədə ölüm” şüarları deyil, həm də “rədd olsun İran” şüarları da səslənir. Hərbi bazalar çıxarılmadığı təqdirdə açıq şəkildə hava hücumu planlarının olduğu açıqlanır ki, İranın Rusiya ilə razılaşdırmağa çalışdığı məsələ həm də bu bazaların qorunmasıyla bağlıdır".
Z.Qarayeva əlavə edib ki, hərbi bazalara əsas təhdid həm də İsrail tərəfdəndir: "İsrailin baş naziri Naftali Bennetin Putinlə görüşündə böyük ehtimal ki, İran nüvə mərkəzlərinin və bazalarının vurulması ilə bağlı xəbərdarlıqlar olunub və Rusiyanın bir növ təsdiqi alınıb. Görüşlərin müzakirə gündəmində Xəzər dənizinin hüquqi statusuyla bağlı məsələ də yer ala bilər. Belə ki, 1991-ci ildən bəri Xəzərin dəniz statusu daşımasıyla bağlı İran tərəfi narazılığını ifadə edir və göl statusu daşıyaraq ətraf ölkələr arasında bərabər 5 hissəyə bölünməsini tələb edir. Bu yanaşma isə digər ölkələrin Xəzəryanı ərazilərinin ədalətsiz bölgüsünə səbəb olduğu üçün Azərbaycan daxil olmaqla digər dövlətlər “kondominium” prinsipini ortaya qoyaraq, hər ölkənin öz ərazisinə uyğun pay almasını tələb edir. Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya 2018-ci ilin avqustunda Qazaxıstanın Aktau şəhərində imzalanıb. Bu ilin aprel ayında isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ilə birgə mətbuat konfransında “Rusiya İranın tezliklə Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanı ratifikasiya edəcəyini gözləyir” bəyanatını səsləndirməsi bu məsələ ilə bağlı iki dövlət arasında danışıqların intensivləşəcəyindən xəbər verir".