"İran artıq inqilab mərhələsinə daxil olub" - Babek Şahed ilə MÜSAHİBƏ

Babek Şahed: "Bundan sonra heç bir halda köhnə İran olmayacaq"

"Baş verə biləcək hər hansı dəyişiklikdə Azərbaycan türk kimliyi artıq gözardı edilə bilməz"

  Son iki ayda İranda baş verən hadisələr göstərdi ki, genişlənən etiraz hərəkatının əsas tələbi ümumi haqsızlığa, dözülməz təzyiqlərə və etnik ayrı-seçkiliyə son qoymaq üçün molla rejiminin ortadan qalxmasıdır. Rejimin 40 ildir həyata keçirtdiyi yanlış daxili və xarici siyasət ölkədə ağır sosial-iqtisadi, milli-mədəni problemlərin böyüməsinə səbəb olub. Ona görə də səbr kasası daşmış kütlə hər gün daha aydın və yüksək səslə molla rejimini istəmədiklərini bəyan edirlər. İranda etirazlar genişlənməkdə, geri dönüşü olmayan yola girməkdədir. Fars-molla rejimi isə dirənməkdə və aksiyaçılara divan tutmaqdadır. Təbii ki, bizim üçün ən mühüm məsələ Güney Azərbaycan, orada yaşayan 35-40 milyon soydaşımızın mövcud durumu və sabahıdır. Azərbaycanın şimalı müstəqillik qazanandan İranın düşmən münasibəti ilə qarşılaşıb. Çünki bu, Güney Azərbaycan üçün də daim stimul olub. İran narahatdır ki, qonşuluğunda belə bir ölkənin varlığı daxilindəki azərbaycanlılar üçün də milli dövlət qurmaq baxımından örnək ola bilər. Əbəs yerə deyil ki, Güney Azərbaycanda "azadlıq, ədalət, milli hökumət" şüarları günbəgün artmaqda, geniş vüsət almaqdadır.
  "Şərq" qəzetinin İranda baş verən etirazlar, Tehran-İrəvan münasibətləri və Güney Azərbaycan məsələsi ilə bağlı budəfəki müsahibi Təbriz Araşdırmaları Mərkəzinin mütəxəssisi Babek Şaheddir. Suallarımıza ətraflı cavab verən dəyərli araşdırmaçı-alim cənub qonşumuzda vüsət almış olaylara və sonrakı gedişata aydınlıq gətirib...
  - Babək bəy, İranda təxminən iki ay əvvəl başlayan etirazlar hələ davam etməkdə və getdikcə böyüməkdədir. Hicaba görə başlayan aksiyalar hökumətin və dini rəhbərliyin əleyhinə çevrilib. İranda əslində nə baş verir və etirazın genişlənməsinin əsas səbəbləri nələrdir?
 - Bu gün İranda baş verənlər dövlətin, xüsusən də "İslam Respublikası"nın legitimlik böhranının küçəyə yansıması, siyasiləşmiş şiə islamının dövlət idarəçiliyində iflasa uğramasının təzahürüdür. Həmçinin inqilabi idealların süqutunun konkretlik qazanmasıdır. Əslində "İslam Respublikası" dövründə və 1979-cu il fevralın 21-də inqilabın qələbəsindən sonra İranın siyasi məkanı bir çox etirazların şahidi olub. Yəni İran dövləti də, cəmiyyəti də etiraz sözünə yad deyil. Bununla belə, bu gün İran küçələrində davam edən və üç ayı doldurmaq üzrə olan etirazları əvvəlki etirazlardan fərqləndirən ən mühüm cəhətlər onların bütün ölkəyə yayılması, uzun müddət davam etməsi, gənclərin rəhbərliyi, qlobal və milli miqyasda vətəndaş cəmiyyətinin dəstəyini alması və İran cəmiyyətinin reaksiyasında əsaslı dəyişikliklərin olmasıdır. İranda son 40 ildə baş verən etirazlar müəyyən ideologiya və ya siyasi baxış, təbəqə və etnik mənsubiyyətlə məhdudlaşıb. Məsələn, İran inqilabından dərhal sonra siyasiləşmiş şiə islamçılarla marksist təşkilatlar arasındakı rəqabət və qarşıdurmalar müəyyən bir ideologiya ilə məhdudlaşırdı. Ancaq "Yaşıl Hərəkat"a orta təbəqə rəhbərlik edirdi. Sabiq Prezident Həsən Ruhaninin prezidentliyi dövründə baş verən və 1500 nəfərin ölümü ilə nəticələnən etirazlara isə aşağı və yoxsul təbəqə rəhbərlik edirdi. Son qırx ildə İranın etnik bölgələrində çoxsaylı etno-millətçi tələblərlə etiraz nümayişləri keçirilib. Bununla belə, 83 gündə İranın 150-yə yaxın şəhərində və 140 universitetində 1200-ə yaxın nümayiş baş tutub. Nümayişlər zamanı 62-si uşaq olmaqla 472 nəfər həyatını itirib, 19 minə yaxın adam həbs olunub. Bu onu göstərir ki, etirazlar bütün ölkəyə yayılı və bütün təbəqə və etnik qruplar iştirak edir. Etirazların dinamik gücü inqilabdan sonra dünyaya gələn, ünsiyyət və internet əsrində böyüyən, siyasi olmayan tələblərlə küçələrə çıxan Z (zed) nəslidir. Ancaq rejimin hər cür islahatlara qapalı olması və apolitik tələblərə müqavimət göstərərək sosial azadlıqlara getməməsi etirazların rejim əleyhinə çevrilməsinə səbəb oldu. Bəli, Z nəsli rejimin dəyişməsini istəyir. Bu etirazların artmasının ən mühüm səbəbi İran dövlətinin islahat imkanlarını itirməsi, hadisələrə ideoloji yanaşması, böhranların idarə edilməsində səriştəsizliyi və xalqın dövlətə inamını itirməsidir. İran dövləti son qırx ildə qorxu mühiti yaradaraq cəmiyyəti özünə tabe etdirməyə çalışsa da, İranda xalqın əhəmiyyətli bir hissəsi teokratik dövlət anlayışının yaratdığı qorxu divarını uçurub.
 - İran Prezidenti İbrahim Rəisinin “konstitusiyadakı bəzi maddələri dəyişdirə bilərik” açıqlaması və “Əxlaq polisi”nin ləğvi nə anlama gəlir? Rejim həqiqətənmi geri addım atır, yoxsa sadəcə, gərginliyi azaltmaq məqsədi güdür?
 - İranda baş örtüsü, yəni hicab məsələsi "İslam Respublikası"nın dövlət fəlsəfəsinin mövcudiyyətidir və hərəkatın qələbə çaldığı ilk gündən inqilabi dövlət anlayışının mühüm simvollarından biridir. Siyasiləşmiş şiə islamçı zehniyyəti müxtəlif dövrlərdə sərt güc və təhlükəsizlik mexanizmlərindən istifadə etməklə hicab məsələsini müxtəlif adlar altında izləməyə çalışıb. İnqilabın qələbəsindən sonra İran-İraq müharibəsi zamanı "İnqilab Komitələri", "İnqilab Keşikçiləri Ordusu" və "Besic" milisi, İran-İraq müharibəsindən sonra Mahmud Əhmədinejadın prezidentliyinə qədər "Polis İdarəsi" və onun prezidentliyindən sonra "Əxlaq polisi" kimi tanıan "İrşad polisi"nin patrul xidmətləri ictimai yerlərdə məcburi hicab qaydasına əməl edilməsini təmin ediblər. Bu gün "Əxlaq polisi"inin ləğvini ancaq gərgin atmosferi yumşaltmaq taktikası kimi oxumaq olar və bu, məcburi hicab probleminin həll olunduğu anlamına gəlmir. Deməli, rejim geri addım atmış kimi görünür, lakin bu, real və daimi geri addım deyil. Eynilə, İbrahim Rəisinin konstitusiya ilə bağlı açıqlamaları da ümumi və birmənalı olmayan, arxasında ciddi bir iradə olmayan və atmosferi yumşaltmaq məqsədi daşıyan bəyanatlardır. Lakin İranın dövlət zehniyyətinə görə etirazçılar qarşısında geri addım atmaq çoxlu güzəştlər və geri çəkilmələr gətirəcəyindən, rejim ciddi islahatlara qapalı qalmağa üstünlük verəcək.
 - İranın Azərbaycana qarşı artan təhdidlərini və düşmən hərəkətlərini necə şərh edirsiniz? Tehranı narahat edən, Ermənistanla sıx əməkdaşlığa çəkən səbəblər nədir?
 - Hesab edirəm ki, bu təhdidlərin artmasının üç əsas səbəbi var. Birincisi, İran hələ də İkinci Qarabağ müharibəsini, Azərbaycanın qələbəsini həzm edə bilmir. Azərbaycanın qələbəsi, xüsusən Azərbaycanla Türkiyə arasında qurulan strateji müttəfiqlik nəticəsində İran özünü Cənubi Qafqazın geosiyasətində kənarda hiss edir. İranın fikrincə, Azərbaycanla Türkiyə arasında müttəfiqliyin güclənməsi İranın regiondan kənarda qalmasına səbəb olub. İkinci əsas səbəb İranın Zəngəzur dəhlizi layihəsindən narahatlığı ilə bağlıdır. Tehran özünü "Asiyanı Qərbə birləşdirən qapı" və əsas marşrut kimi görür. İran uzun müddət bu geosiyasi üstünlükdən bəhrələnib. İrana görə, Zəngəzur dəhlizinin açılması bir tərəfdən Türkiyə Cümhuriyyəti ilə Azərbaycanı Orta Asiyaya, yəni Türküstan coğrafiyasına bağlayacaq, digər tərəfdən yeni bir qapı açılacaq. Bu, Asiyanı Qərbə birləşdirən və İrana alternativ ola yoldur. İran coğrafiyasının strateji dəyərinin azalması, təcrid olunmasıdır. Üçüncü səbəb İranın Türkiyə ilə Azərbaycan arasında yaranmış strateji müttəfiqlikdən narahat olmasıdır. İran həm də regionun tarixini İran-Turan, fars-türk rəqabəti kimi oxuyur. O, türk birliyinin güclənməsini tarixi mövqeyinə zidd bir proses görür. İranın Azərbaycana qarşı təhdidlərinin və Ermənistanı dəstəkləməsinin bu üç sütunu ilə yanaşı, İranın ermənilərə qohum toplum olması faktı da var. Əslində, İranın keçmiş kəşfiyyat naziri və sabiq Prezident Həsən Ruhaninin milli azlıqlar üzrə vitse-prezidenti Əli Yunesi İranın niyə erməniləri dəstəklədiyi sualına “Biz eyniyik” cavabını verərək bu qohumluğu açıq şəkildə vurğulayıb. O, "erməni mənşəliyik və damarlarımızda eyni qan var” deyib. Başqa sözlə, İranın Azərbaycana qarşı aqressiv yanaşmaları və Ermənistanı dəstəkləməsi həm regional siyasətə, həm də maraqlara dayanır. Bununla yanaşı, tarixi keçmişi və ortaq dəyərləri də özündə ehtiva edir. İranın Qarabağ, Şərqi Türküstan və Suriya siyasəti Tehranın islam birliyinə əhəmiyyət vermədiyini göstərir.
 - Güney Azərbaycanda yaşayan 34-40 milyonluq soydaşımızın azadlıqlarının, hüquq və qanunlarının tanınması bizim üçün ən vacib məsələlərdən biridir. Soydaşlarımız da etirazların önündə dayanır, təzyiqlərə məruz qalırlar. Güney Azərbaycanın azadlıq mübarizəsini necə xarakterizə edərdiniz?
 - İran siyasi mədəniyyətində belə bir fikir var ki, ölkədə əsas siyasi dəyişikliklər fars bölgələrindən başlayır. Lakin hesab edilir ki, güney azərbaycanlıların da prosesə qoşulması qalibiyyətlə nəticələnə bilər. Bu, Güney Azərbaycan türklərinin İranın çağdaş tarixində, xüsusən "Məşrutə inqilabı" və "İslam inqilabı"nda oynadığı rolla bağlıdır. Bu etirazlara İrandakı Güney Azərbaycan türkləri də qatılıb. Lakin güney azərbaycanlıların aksiyalarda iştirakı ilə bağlı iki məqam diqqət çəkir. Birincisi, Güney Azərbaycanda ümumi olan şüarlar milli şüarlar idi və etirazçılar “azadlıq, ədalət, milli hökumət”, “ölməyə hazırıq, Babəkin əsgəriyik”, "Azərbaycan milləti, çəkə bilmiz bu zilləti” şüarları ilə azərbaycanlı və türk kimliklərini ön plana çıxarıblar. Güney Azərbaycan türkləri arasında ortaq düşüncəyə görə, güney azərbaycanlılar tarix boyu İran üçün ciddi fədakarlıqlar göstəriblər. Lakin Pəhləvilər hakimiyyətə gəldikdən sonra milli ayrı-seçkiliyə, ağır assimilyasiya siyasətinə məruz qalıblar. Etnik və milli kimliklərini məhv etməyə çalışıblar. Bu assimilyasiya siyasətlərini şovinist üsullarla həyata keçiriblər. Güney azərbaycanlıların kimliyi ağır təhqirlərə məruz qalıb. Bu, Güney azərbaycanlıların mərkəzi dövlət aparatından və mərkəzçi təfəkkürdən uzaqlaşmasına səbəb olub. İranın "islam birliyi" dərdinin olmadığını, din və məzhəb adı altında fars, şovinist siyasəti yeritdiyini görən azərbaycanlılar mərkəzi hökumətdən uzaqlaşdılar. 

Yəni Güney Azərbaycan türkləri bu etirazlarda milli kimliklərinə əsaslanan prinsiplərlə iştirak etməyə üstünlük verdilər. İkinci mühüm məsələ Tehran rəhbərliyinin Güney Azərbaycan türklərinin etirazlarda oynaya biləcəyi roldan qorxaraq istifadə etdiyi üsuldur. İranda son 83 gündə etirazlarda 472 nəfər həyatını itirib, 19 minə yaxın adam saxlanılıb.

 Həyatını itirənlərin əhəmiyyətli bir hissəsinin bəluc və kürd etnik mənsubları olsa da, saxlanılanların yarısı Güney Azərbaycan şəhərlərindəndir. Nəzarətə alınan Güney azərbaycanlıların əhəmiyyətli bir hissəsi qabaqlayıcı məqsədlə nəzarətə götürülüb. Bunun səbəbi Tehranın bacardığı qədər Güney Azərbaycan şəhərlərini bu etirazlardan uzaq tutmağa çalışması idi. 

Xülasə, İran artıq inqilab mərhələsinə daxil olub və bundan sonra heç bir halda köhnə İran olmayacaq. Əlbəttə, bu, o demək deyil ki, bir-iki həftə sonra rejim devriləcək. Lakin bir neçə ildən sonra İranda inqilabi xarakter daşıyan ciddi dəyişikliklər baş verəcək. 

Güney azərbaycanlıların öz tarixlərindən dərs çıxarmaqla türk kimlikləri ilə hakimiyyəti əldə etmək üçün hərəkətə keçəcəkləri proqnozlaşdırılır. Yəni İranda baş verə biləcək hər hansı dəyişiklikdə Azərbaycan türk kimliyi artıq gözardı edilə bilməz. Amma tətbiq olunacaq idarə və formalar fərqli ola bilər".