"USS Gerald R. Ford" yaxın günlərdə Yaxın Şərq regionunu tərk edərək təmir üçün ABŞ-yə qayıdacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
Qayıdışın dəqiq tarixi açıqlanmasa da, gəminin gələn ayın ortalarında Virciniya ştatındakı hərbi-dəniz bazasına çatacağı gözlənilir.
Nəşr qeyd edir ki, atom aviadaşıyıcısının regionu tərk etməsi ABŞ-nin Yaxın Şərqdəki hərbi gücünü əhəmiyyətli dərəcədə zəiflədəcək.
Bununla belə, 309 gündür dənizdə olan və bu müddətdə bir neçə texniki nasazlıqla üzləşən gəminin genişmiqyaslı təmirə ehtiyacı var.
Xatırladaq ki, martın 12-də aviadaşıyıcının arxa hissəsində baş verən yanğın bir sutkadan çox davam edib və gəminin sistemlərinə ciddi ziyan vurub. Bu səbəbdən onun yalnız təmir bazasında bərpasının mümkün olduğu bildirilib.