BNA ikinci cəhdə əl atdı

Nəqliyyat trafikinin intellektual tənzimlənməsi üçün  real nəticələr əldə edilməyib

  “Bakı Nəqliyyat Agentliyi böyük tender elan edib.
Qurum “İctimai Nəqliyyatın İntellektual İdarə edilməsi” sistemi üçün avtobuslarda quraşdırılmış İKT avadanlıqlarının, köməkçi qurğuların və kommunikasiya xətlərinin fasiləsiz və dayanıqlı fəaliyyətini təmin edən şirkət axtarır”. Bunu “Şərq”ə açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.  Onun sözlərinə görə, bu, nəqliyyat sektorunun intellektual idarə edilməsi sisteminin yaradılması sahəsində hökumətin 2-ci cəhdidir: “Birinci cəhdi isə uğursuz olub. Xatırladıram ki, ilk dəfə Nəqliyyatın İntellektual İdarə edilməsi Sistemi, yəni NİİS 1.0 on illər öncə, sabiq nazir Ziya Məmmədovun rəhbərliyi ilə hazırlanıb. Xatırlayıram ki, bu məqsədlə Cənubi Koreya şirkətinə 110 milyondan çox vəsait ödənilmişdi.
  Lakin layihə müxtəlif səbəblərdən, xüsusən məsuliyyətsizlik, səmərəsizlik və qeyri-peşəkar yanaşma səbəbindən uğursuz olub, iflasa uğrayıb və qarşıya qoyulan vəzifələri icra edə bilməyib.
  
NİİS1.0 Azərbaycanın ən çox ictimai vəsaitlər sərf olunan, lakin ən uğursuz olan İT layihələrindən hesab olunub.
  Sonradan NİİS1.0-ı  dirçəltməyə cəhdlər olub, BNA-nın balansına verilib, müəyyən irəliləyişlər olub,  hətta mövcud olmayan bir layihəni dirçəltmək üçün SİNAM şirkətinə yenidən 20 milyon manat vəsait ödənilib.
Lakin nəqliyyat trafikinin intellektual tənzimlənməsi üçün  real nəticələr əldə edilməyib.  

Xatırlayıram ki, Cənubi Koreya şirkəti NİİS1.0-ın yenilənməsi üçün zəruri olan ilkin kodları da BNA-ya verməkdən imtina etmişdi.
Özünü doğrultmayan, iflas olan  NİİS1.0və NİİM Prezidentin fərmanı ilə bir il bundan öncə  BNA-dan alınaraq DİN-ə təhvil verilib. 

Hazırda bildiyim qədər DİN-in İKT idarəsi DYP resurslarından, xarici və yerli şirkətlərin köməyindən istifadə etməklə bu sistemi yenidən qurmaq üzərində çalışır.

  BNA-nın yeni NİİS2.0 layihəsini kimin reallaşdıracağı və necə olacağını isə zaman göstərəcək”.