Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2024-cü il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir və sentyabrın 1-dək davam edəcək.
Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
Xidmət rəsmisi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə çağırıb.
“Sənaye balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütün təbii su hövzələrindən balıq ovu alətlərinin kənarlaşdırılmasını may ayının 1-dək təmin etməlidir, əks halda ov alətlərinin su hövzələrində saxlanılması qanun pozuntusu hesab ediləcək və həmin şəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiq olunacaq:07
Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.
A.Babayevanın sözlərinə görə, qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.
Xidmət rəsmisi vətəndaşları ETSN tərəfindən start verilən "Təmiz hövzələr” aksiyasında fəal iştirak etməyə, su hövzələrində rast gəldikləri qanunsuz balıq ovu halları ilə bağlı Nazirliyə məlumat verməyə və balıq ehtiyatlarının mühafizəsinə dəstək olmağa çağırıb.
Ekoloq Rövşən Abbasov “Sherg.az”a bildirib ki, hər zaman ilin bu vaxtları balıq ovuna moratorium qoyulur:
“Qadağalar sentyabr ayına qədər davam edir. Bunun əsas səbəbi isə balıqların kürütökmə vaxtı oğurlanılmasının qarşısı alınması ilə bağlıdır. Orta hesabla bir balıq yüz min, hətta milyona yaxın yumurta qoyur və ondan çoxsaylı balıqlar əmələ gəlir. Bilirik ki, son illər Xəzər dənizində yaşayan balıqların kürütökmə imkanları xeyli azalıb. Çünki kürütökmə yerlərinin özü çaylardır. Çaylarda sululuğun az olması balıq populyasiyalarına ciddi təsir edir. Bu səbəbdəndə bu cürə tədbirlərin həyata keçirilməsi zəruridir. Balıq ovuna qadağanın balıq mövsümünün açılmasının, bağlanmasının və bu cürə tənzimlənmələrin təbii mühitin qorunmasında, balıq populyasiyalarının qorunmasında çox müstəsna əhəmiyyəti var”.