Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Laçın və Qubadlı və Zəngilan rayonlarına səfər edib.
Dövlətimizin başçısı Laçın rayonunda Güləbird kənd yaşayış məntəqəsinin, Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməllərini qoyub.
O Zəngilan şəhərində Konqres Mərkəzinin tikintisi ilə tanış olub, inzibati binanın təməlini qoyub, “Azərenerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub, hotel kompleksinin, 91 çarpayılıq Zəngilan Rayon Mərkəzi Xəstəxanasının və Cahangirbəyli kəndinin təməlini qoyub.
Ölkə başçısının səfərlərini yüksək qiymətləndirdiyini bildirən sabiq millət vəkili Flora Qasımova "Sherg.az"a bildirib ki, adam öz zəhmətinin bəhrəsini görəndə daha da sevinir:
"Azərbaycan xalqının illərdir, gözlədiyi torpaqları azad etdikdən sonra, orda görülən işlərlə necə maraqlanmamaq olar? Bizə qarşı olan bütün dünya güclərinə üstün gələrək torpaqlarımızı azad etmək çox qürurverici hisdir. Hələ görün köçkünləri öz torpaqlarına qaytaranda insanlar necə sevinəcəklər?!
Bu mənada Prezidentin işğaldan azad edilmiş torpaqların abadlaşdırılmasına şəxsən nəzarət etməsi çox sevindirici və vacibdir. Əlbəttə işlərin necə getdiyinə şəxsən baxmaq lazımdır. Çünki yerində görəndən sonra daha tez qərar vermək olur. Bəlkə elə hadisə var ki, heç cənab Prezidentə çatdırılmır".
F.Qasımova əlavə edib ki, Xankəndində bayrağımızın dalğalanacağı günü səbirsizliklə gözləyir:
"İnşallah Cənab Prezident Xankəndində də yeni tikililərin təməlini qoyar. Mən Xankəndində doğulub, böyüyən biri olaraq ölkə başçısını o torpaqlarda qarşılayacağım günü gözləyəcəm.
Həyata hər birimizin bir arzusu var. İşğalda olan torpaqlarımızın azad edilməsi də İlham Əliyevin ən ümdə arzusu idi.
O bu böyük yükün və arzunun altından inamla çıxdı. İndi də öz sənət əsərinin yenidən çiçəklənməsinə fərəh hissi ilə nəzarət edir".