Azərbaycanın döyüş təcrübəsi Gürcüstan üçün maraqlıdır 

Təlimlər gələcəkdə yaranacaq təhlükəyə qarşı birgə mübarizə əsasında keçirilir

Mayın 26-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzenin dəvəti ilə bu ölkəyə işgüzar səfərə gedib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
General-polkovnik Z.Həsənov Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən hərbi paradda fəxri qonaq qismində iştirak edir.
Qeyd edək ki, Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Orkestri Gürcüstanda Müstəqillik Günü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak edir.
Səfəri "Sherg.az"a dəyərləndirən hərbi ekspert Elxan Şıxəliyev söyləyib ki, Gürcüstanla Azərbaycan arasındakı hərbi və siyasi əlaqələr yüksək səviyyədədir:
"Xüsusən bərabər hərbi təlimlərdə və NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlıq edilir. Ümumiyyətlə 44 günlük savaşdan sonrakı mərhələdə Azərbaycan silahlı qüvvələrinin döyüş təcrübəsi Gürcüstan üçün maraqlıdır və bu təcrübələr bölüşülür. Digər tərəfdən bizim rəsmi Tbilisi ilə karbohidrogen daşıyıcıları dəhlizi kontekstində əməkdaşlığımız var. Həmçinin bizim təlimlərimizin gələcəkdə yaranacaq təhlükəyə qarşı birgə mübarizə əsasında keçirilir".

Ekspertin sözlərinə görə biz müdafiə və təhlükəsizlik konsepsiyamızda Gürcüstanı dost ölkə hesab edirik:

"Bu səbəbdən də hərbi rəhbərliyin dost ölkədə keçirilən tədbirlərdə və paradlarda iştirakı da vacibdir. Həmçinin aysberqin görünməyən tərəfində isə nazirlərin gələcək əməkdaşlığımıza dair müzakirələri ola bilər. Ümumiyyətlə isə əlaqələrin və müttəfiqliyin gələcəkdə daha da irəliləyəcəyini düşünürəm".