"Türkiyə NATO-nun genişlənməsinin lehinədir"

"Türkiyə NATO-nun genişlənməsinin lehinədir. Bir müddət əvvəl rəsmi Ankara Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya etdi. İndi isə İsveçin terrorçuları dəstəkləməsi, onlara qucaq açması və bununla da Türkiyənin təhlükəsizliyinə təhdid yaratması əsas problemdir". 

Bunu "Sherg.az"a siyasi şərhçi Kənan Novruzov Türkiyənin İsveçin NATO-ya üzvlüyü ilə bağlı yeni şərt irəli sürməsindən danışarkən deyib. Onun sözlərinə görə, Türkiyə haqlı səbəblərdən dövlətinə təhlükə yaradan ölkənin təbii ki, NATO-ya üzlüyünü təsdiqləməz, onunla eyni "alyansda" iştirak etmək istəməz:

"Amma bu, məsələnin görünən tərəfidir. Məlum olduğu kimi, Rusiya NATO-nun genişlənməsinin əleyhinədir. Şimal qonşumuz İsveçin "hərbi alyansa" üzv olmasını istəmir. Təbii ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin çox yaxın münasibətləri var. Türkiyə lideri İsveçin NATO-ya üzvlüyünü ləngitməklə həm də Rusiyaya jest edir. Bütün bunlar onu deməyə əsas verir ki, İsveç yaxın gələcək üçün NATO-ya üzv olmayacaq. İkincisi, Ərdoğan İsveçin alyansa qatılmasını mümkün qədər öz xeyrinə istifadə etməyə çalışacaq. Artıq öz şərtlərini ortaya qoyur, “kartları”nı “masaya qoyur”. Digər tərəfdən də Türkiyə prezidenti nə NATO, nə də Rusiyadan asılı olduğunu göstərir".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Litvada keçiriləcək NATO sammitinə yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlama verib. Türkiyə lideri bildirib ki, Türkiyənin Avropa İttifaqına gedən yolunu açmaq lazımdır.