Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür. Beş gün davam edən şiddətli döyüşlərdən üç il ötür. 2020-ci il iyulun 12-dən 17-nə qədər sürdürülən savaşda Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə ucalıb.
Tovuz döyüşlərinin Azərbaycan tarixindəki yerini "Sherg.az"a dəyərləndirən Qarabağ qazisi Kamil Musavi bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı dilədiyini bildirib:
"Döyüşlərdə sağ qalıb, heç bir xəsarət almayan hərbi qulluqçulara da xidmətlərində uğurlar arzulayıram. Tovuz döyüşləri Azərbaycanın hərb tarixində dönüşümüzün başlanğıcı oldu. Beşgünlük savaş mənfur düşmənin niyyətlərinin alt-üst olduğunun bariz nümunəsidir. Təbii ki, illərlə Ermənistanın işğalçı əməllərinə səbr edən Azərbaycan rəhbərliyi, ordusu, xalqı, milləti artıq bu dəfə dözmədi. Düşmənin heç vaxt ağıllanmayacağını görəndən sonra ölkə rəhbərliyi çox düzgün qərar verdi. Qısasımız alındı. Beləliklə, Tovuz döyüşləri Azərbaycanın öz doğma torpaqlarını geri qaytarması üçün atılan ilk addımlardan biri oldu".