ABŞ heç vaxt ələbaxımlı, idarəolunnan Azərbaycan görməyəcək
Son aylarda Amerika Birləşmiş Ştatları Ermənistana təzyiq edərək Azərbaycanla sülh müqaviləsinin bağlanmasına təşviq etmək əvəzinə 90-cı illərdə yürütdüyü yanlış siyasəti yenidən təkrarladı. Xüsusən postmüharibə dövründə ABŞ-nin Azərbaycana qarşı yanlış siyasəti “yüksələn xətlə” inkişaf etdi. İnhisarında olan mətbuata da göstərdikləri yol, verdikləri əmr beləydi:
"Azərbaycan hər vəchlə tənqid olunmalı, korrupsiya ittihamlarının ardı-arası kəsilməməli, Azərbaycan hökuməti söz-ifadə azadlığını boğmaqda günahlandırılmalıdır". Qərəzli görünən tərəfi odur ki, son bir ayda inhisarlarında olan "Vaşinqton post" Azərbaycan əleyhinə nə az, nə çox 10 məqalə həsr edib. Bu silsilə tapşırıqların icraçıları məşhur Avram Linkolun "bütün xalqı bir müddət aldatmaq olar, lakin bütün xalqı həmişə aldatmaq olmaz" məşhur kəlamını unudurlar.
Bütün bu çirkli məqalələrin, yazıların məqsədi Azərbaycanı onların diqtəsilə hərəkət etdirmək, siyasi və geosiyasi maraqlarını həm də dövlətimiz üzərindən reallaşdırmaq idi. Ancaq unutdular ki, Azərbaycan idarəolunan yox, müstəqil və qalib dövlətdir. Ağ Ev anlamadı ki, Rusiyanı Ermənistan vasitəsilə Cənubi Qafqaz regionundan çıxarmaq üçün Azərbaycana qarşı çirkin hərəkətləri bölgədəki geostrateji mövqeyinə ciddi zərbə vuracaq. Gec də olsa gördülər ki, Azərbaycanı təhdidlə, təzyiqlə qorxutmaq, doğru siyasi yoldan çəkindirmək mümkün deyil. Fakt bundan ibarətdir ki, Vaşinqton Azərbaycanla münasibətlərin daha da kəskinləşməməsi üçün müəyyən addımlar atmaq, istəsə də görünür hansısa "gözəgörünməz" qüvvələrin təsirlərinə boyun əydi. Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərkən aparılan müzakirə və əldə olunan anlaşmalar bunu deməyə əsas verir. Ən əsası isə Blinkenin yanaşması göstərir ki, həm Konqres, həm də Dövlət Departamentinin nümayəndələri rəsmi Bakıya münasibətdə yanlış mövqedə olublar. Telefon danışığı zamanı Prezident İlham Əliyev 2023-cü il noyabrın 15-də Ceyms O’Braynın ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini bildirib. Diqqətçəkən məqamlardan biri də odur ki, Vaşinqton İranla Azərbaycan arasında imzalanmış dəhliz anlaşmasını da hədəfə alıb. Blinkenin köməkçisi Azərbaycanı İran və Rusiya ilə birgə hərəkət etməkdə ittiham edib. Sitat: "Azərbaycan və Ermənistan öz gələcəyini Rusiya-İran oxundan kənarda qura bilər. Rusiyanın və İranın regionun təhlükəsizliyinin əsas iştirakçıları olduğu Rusiya və İran oxu ətrafındakı gələcək düşünürəm ki, həm Azərbaycan, həm də Ermənistan hökuməti üçün qeyri-stabil və arzuedilməzdir. Onların (Bakı və İrəvanın) indi fərqli qərar vermək fürsəti var. Mən qarşıdakı həftələrdə bizim daha ali səviyyəli iştirakımızı gözləyirəm". Azacıq siyasi prosesləri izləmiş hər kəsə məlumdur ki, İranla münasibətlərdə Bakı ilə İrəvanı eyniləşdirmək absurddur. Son illərə kimi Ermənistan Rusiya və İranla birgə Azərbaycana qarşı siyasət aparıb, işğal siyasətini davam etdirib. Sirr deyil, Azərbaycan torpaqlarının 30 il işğalda qalmasında əsas iştirakçılardan biri İran olub. Ermənistanın İranla xüsusi yaxınlığı, sıx iqtisadi əlaqələri, həmçinin, hərbi-siyasi dəstəyi bəllidir. Problem ondadır ki, ermənilər hələ də İranla bir yerdədirlər. Yəni özünü dünya ictimaiyyətinə qərbyönlü kimi təqdim edən Nikol Paşinyan hökuməti birmənalı Tehranla əməkdaşlıqda maraqlıdır və əlaqələr intensiv xarakter alır. Erməni baş nazir sələfləri kimi ABŞ-İran münasibətlərinin gərgin müstəvidə olmasını nəzərə almayıb. Yəni indiyədək ABŞ-ın regional siyasətinə zərbəni İranla qardaş olan Ermənistan vurub, Azərbaycan yox. Şübhəsiz, İran ABŞ-la Azərbaycan arasında soyuq münasibətlərin formalaşmasında və hətta dərinləşməsində maraqlı olduğunu gizlətməyib. Rəsmi Bakı nə İran rəsmilərinin, nə də agentlərinin ABŞ və Qərb əleyhinə fəaliyyət göstərməsinə də qətiyyən imkan verməyib. Ermənistan kimi öz ölkəsində Qərbin anti-təbliğatına şərait yaratmayıb. Ancaq ABŞ Azərbaycanın bu addımlarını görməzdən gəlib.
Tarixi dəlil və faktlar, son siyasi gəlişmələr onu göstərir ki, Azərbaycanı öz müstəqil orbitindən çıxarmaq o qədər də asan deyil. Ümumən mümkünsüzdür. Bu cür maxinasiyaların, bir qrup "qərbpərəst" adlandırılan media və QHT sektorunun maliyyələşdirilməsi, cəmiyyətdə gərginlik yaratmaq həvəsi və istəkləri, yersiz müdaxilələr ABŞ-a heç bir fayda verməyəcək. Çünki Azərbaycan cəmiyyəti dayanıqlılığını itirməyib, yad təhlükələrə qarşı birləşə, müqavimət göstərə bilir və buna gücə imkanı var.
Görünən odur ki, ABŞ sadəcə Cənubi Qafqazdakı strateji müttəfiqi olan Azərbaycana deyil, təhrik edərək Rusiya ilə savaşa sürüklədikləri Ukraynanı da meydanda tək qoyub. Savaşın əvvəlindən bir sıra ekspertlər iddia edirdilər ki, Ukrayna Gürcüstanın taleyini yaşayacaq və Qərb müəyyən zamandan sonra bu dövləti də yarı yolda qoyacaq. Hər ötən gün bu ehtimal daha real ssenariyə çevrilir. Səslənən bəyanatlar və baş verən proseslər onu göstərir ki, Qərb, həqiqətən də rəsmi Kiyevi sonadək dəstəkləməyəcək. Necə ki, Amerikanın bir nömrəli adamı, "Lideri" səviyyəsinə qaldırdığı M.Saakaşvilinin acı taleyi və Gürcüstandakı siyasi situasiya buna sübutdur.
Ukraynanın bu ilin iyunundan bəri keçirdiyi əks-hücum əməliyyatlarının nəticəsi Ağ Evin ürəyincə deyil. Rəsmi Vaşinqton bunu bir neçə dəfə bəyan edib. Hətta Prezident Cozef Bayden özü də əks-hücum əməliyyatları ilə bağlı tənqidi fikirlərini səsləndirib. Belə olan halda ABŞ-nin Ukraynanı nə vaxta qədər dəstəkləcəyi sualı yaranır. Güman etmək olar ki, bu, çox çəkməyəcək. Sirr deyil ki, rəsmi Vaşinqtonu heç də Ukraynanın və ya Yaxın Şərqin taleyi düşündürmür. ABŞ-nin strateji məqsədi bölgədəki təsir gücünün artırılması və Rusiyanın qismən zəifləyərək idarə olunan vəziyyətə salınmasıdır. Bu məqsədlə Amerika əvvəlcə Ukraynanı, demək olar ki, “bataqlığa” çevirdi, sonra da Rusiyanı bu “bataqlığa” saldı. Aldığı siyasi və maliyyə dəstəyi səbəbindən rəsmi Kiyev artıq Vaşinqtonun girovuna çevrilib. ABŞ-nin gələcəkdə riyakar addım atacağının işartıları artıq indidən görünməkdədir.
Bəs, Amerikanın Azərbaycandan istədiyi, umduğu nədir? Demokratik, müasir cəmiyyətlərin inkişaf tempinə uyğun Azərbaycan cəmiyyətdə gələcəyə doğru addımlar atır. Lazımi islahatlar keçirilir. Bu görünən strateji işlər həm də Azərbaycanın müstəqilliyini mökhəmləndirmək üçündür. Bəs, Amerika nə istəyir? Ələbaxımlı, idarəolunan, zəif Azərbaycan? Bağışlayın ser, alınmayacaq.