Prezidentliyə namizədlərin püşkatma komissiyası yaradılıb

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyası yaradılıb.

“Report”un məlumatına görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.

Komissiyanın sədr müavini Rövzət Qasımovun təqdimatı ilə ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyasının yaradılması, püşkatmanın yeri və vaxtının müəyyən edilməsi müzakirə olunub.

Ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma yanvarın 15-i saat 14:00-a təyin edilib.

Püşkatma komissiyasının tərkibinə MSK üzvləri Qabil Orucov, Fuad Cavadov, Almaz Qəhrəmanlı, MSK mətbuat katibi Şahin Əsədli daxil edilib.