Britaniyanın Baş naziri Rusiyanı "Brexit" referendumuna müdaxilədə ittiham edib

Böyük Britaniyanın Baş naziri Endi Börnhem Rusiyanın 2016-cı ildə ölkənin Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referenduma müdaxilə etməyə çalışdığını bildirib.

Baş nazir bu barədə “The Rest is Politics” podkastında danışıb.

Börnhem qeyd edib ki, hökumət başçısı vəzifəsinə başladıqdan sonra Rusiyanın Brexit referendumuna mümkün müdaxiləsi ilə bağlı məlumat istəyib.

“Dauninq-stritə gəldikdən sonra belə bir sual verdim: Rusiya 2016-cı il referendumuna müdaxilə edibmi? Mənə birmənalı cavab verildi: bəli, müdaxilə olub”, – o bildirib.

Nəşr yazır ki, Börnhemin açıqlaması əvvəlki mühafizəkar hökumətlərin mövqeyindən əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, həmin hökumətlər Rusiyanın referendumun nəticələrinə təsir göstərə bildiyini sübut edən dəlillərin olmadığını bildirirdilər.

Bununla belə, Baş nazir sözügedən qiymətləndirmənin kim tərəfindən təqdim edildiyini, hansı sübutlara əsaslandığını və mümkün müdaxilənin səsvermənin yekun nəticəsinə təsir edib-etmədiyini açıqlamayıb.

“The Guardian“ xatırladır ki, Britaniya parlamentinin Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin 2020-ci ildə dərc etdiyi hesabatda hökumət və xüsusi xidmət orqanları Rusiyanın referenduma mümkün müdaxiləsini lazımi səviyyədə araşdırmadıqlarına görə tənqid olunmuşdu.

Müxtəlif partiyaların nümayəndələrindən ibarət komitə belə qənaətə gəlmişdi ki, Rusiya dövlətinin dəstəklədiyi media qurumları və sosial şəbəkə hesabları vasitəsilə Britaniya siyasətinə təsir göstərmək cəhdlərinə dair məlumatlar olmasına baxmayaraq, nazirlər Moskvanın fəaliyyətinin hərtərəfli qiymətləndirilməsinə çalışmayıblar.

Börnhem hesab edir ki, Böyük Britaniya xarici dövlətlərin ölkənin daxili siyasətinə müdaxilə cəhdləri barədə daha açıq danışmalıdır. Onun sözlərinə görə, bu, Avropada ifrat sağçı qüvvələrin populyarlığının artdığı bir dövrdə xüsusilə vacibdir.

Nəşr həmçinin xatırladır ki, Baş nazir ötən ay BMT Baş Assambleyasındakı çıxışında Rusiyanın informasiya fəaliyyətini tənqid edib və Moskvanın 2019-cu il parlament seçkilərinə müdaxilə etməyə çalışdığına dair sübutların olduğunu bildirib.

“İndi bu faktları dəqiq şəkildə ortaya qoymaq vacibdir. İnanıram ki, bu, Almaniya və Fransadakı seçicilərə müəyyən siyasi fəaliyyətlərin bizim rəqiblərimiz, konkret olaraq Rusiya tərəfindən təşviq edildiyini anlamağa kömək edəcək”, – Börnhem vurğulayıb.