130 İsrail əsgərindən Netanyahu hökumətinə məktub: Xidməti tərk edəcəyik...

İsraildə bir çox hərbi bölmələrdən olan ehtiyatda olan əsgərlər və çağırışçılar Baş nazir Benyamin Netanyahu hökumətinə xəbərdarlıq edir ki, girovlarla bağlı danışıqlara üstünlük verilməsə, xidməti tərk edəcəklər.

Sherg.az xəbər verir ki, Nazirlər Kabinetinə və İsrailin Baş Qərargah rəisinə ünvanlanan məktubu Zirehli Korpus, Artilleriya Korpusu, Daxili Cəbhə Komandanlığı, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri də daxil olmaqla, müxtəlif missiyalardan olan ehtiyatda olan zabit və əsgərlər imzalayıb.

“İndi aydın oldu ki, Qəzzada müharibənin davam etdirilməsi girovların əsirlikdən qayıtmasını gecikdirməklə yanaşı, həm də onların həyatlarını təhlükə altına qoyur”, – deyə “Haaretz” qəzeti yazır.

Həmçinin, “İDF (İsrail Müdafiə Qüvvələri) hücumlarında çoxlu girov öldürülüb ki, bu da onları xilas etmək üçün hərbi əməliyyatlarda xilas edilənlərdən qat-qat çoxdur”.

İsrail əsgərlərinin məktubu belə davam edir: “Biz fədakarcasına xidmət etmiş və həyatımızı riskə atanlar bəyan edirik ki, hökumət dərhal kursu dəyişməsə və girovları vətənə qaytaracaq razılaşmaya çalışmasa, xidmətə davam edə bilməyəcəyik”.

Nəhayət, əsgərlər məktubda belə bir xəbərdarlıq ediblər: “Bəzilərimiz üçün qırmızı xətt artıq keçib. Digərləri üçün isə bu, sürətlə yaxınlaşır: sınıq ürəklərlə vəzifələrimizi dayandıracağımız gün yaxşnlaşır".