BMT elan etdi: Müharibə qadınlara ən çox zərbə vurur

Birləşmiş Millətlər Təşkilatının yeni hesabatına görə, keçən il dünyada münaqişələrdə ölən qadınların nisbəti iki dəfə artıb və müharibə bölgələrində öldürülənlərin 40 faizini qadınlar təşkil edir.

Sherg.az xəbər verir ki, müharibədən təsirlənən qadın və qızların təhlükəsizlik vəziyyətini araşdıran BMT-nin hesabatına görə, müharibələr zamanı BMT tərəfindən təsdiqlənən cinsi zorakılıq halları 2022-ci ilə nisbətən 2023-cü ildə 50 faiz artıb.

Birləşmiş Millətlər Təşkilatı 2023-cü ildə silahlı qarşıdurmalarda ən azı 33 min 443 mülki şəxsin öldüyünü qeyd edib. Onlardan 13 min 377-dən çoxu, yəni münaqişələrdə həlak olan hər 10 mülki şəxsdən 4-ü qadın, 10-dan 3-ü isə uşaqdır.

Hesabatda 2023-cü ildə 170 silahlı münaqişənin qeydə alındığı və dünyanın “qorxunc münaqişə, qeyri-sabitlik və zorakılıq spiralına” girdiyi bildirilib.

“Qadınlar kişilərin müharibələrinin bədəlini ödəməyə davam edir” deyən BMT-nin Qadınlar Təşkilatının icraçı direktoru Sima Bahous, “Bu, qadınlara qarşı daha genişmiqyaslı müharibə kontekstində baş verir, lakin bu mühitlərdə daha da öldürücüdür" - deyib.