Qərənfil çiçəyi: Matəm və qəhrəmanlığın rəmzi

Bu gün Azərbaycan tarixinin ən faciəli və eyni zamanda şərəfli səhifələrindən biri olan "20 Yanvar" hadisələrinin 35-ci ildönümüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunlarının Bakıya daxil olması, Azərbaycanın milli azadlıq mübarizəsini boğmaq və xalqın müstəqillik iradəsini sındırmaq məqsədi daşıyırdı. Lakin bu qanlı hadisələr xalqın mübarizə ruhunu qıra bilmədi, əksinə, Azərbaycanın müstəqilliyə gedən yolunda dönüş nöqtəsinə çevrildi.  Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhaliyə qarşı ağır texnika və müxtəlif növ silahlarla həyata keçirilən amansız hücum nəticəsində yüzlərlə insan qətlə yetirildi, yaralandı və həbs edildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin Bakıya daxil olması misli görünməmiş qəddarlıq və vəhşiliklə müşayiət olundu. Bu hadisələr SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının isə 71-ci maddələrinin kobud şəkildə pozulması demək idi. 

20 Yanvar hadisələrindən sonra Azərbaycanın simvoluna çevrilən qərənfil çiçəyi matəm və qəhrəmanlığın rəmzi oldu. Əgər əvvəllər bu gül sevginin, səmimiyyətin və dərin duyğuların ifadəsi idisə, 1990-cı ilin qanlı gecəsindən sonra qırmızı qərənfil şəhidlərə ehtiramın simvoluna çevrildi. O gündən etibarən hər il yanvarın 20-də minlərlə insan Şəhidlər Xiyabanını ziyarət edərək, azadlıq və müstəqillik uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edir. 20 Yanvar hadisələri beynəlxalq ictimaiyyətin də diqqətini cəlb etdi. ABŞ-nin "Los Angeles Times" qəzeti 23 yanvar 1990-cı ildə yazırdı: "Yanvarın 20-də və 21-də yürüşlər keçirilmişdi. Ayın 22-də keçirilən kütləvi dəfn mərasimi hər cür nümayişləri qadağan edən fövqəladə vəziyyətə qarşı açıq-aşkar meydan oxumaqdı." Böyük Britaniyanın "The Times" qəzeti isə 29 yanvar 1990-cı il sayında belə bir xəbər vermişdi: "Azərbaycandakı hərbi əməliyyatdan 10 gün sonra sovet rəhbərliyi arasında ciddi ixtilafın olduğu üzə çıxdı, bu isə sovet quruluşunun təməl sütunlarının silkələnməsi deməkdir." 20 Yanvar faciəsi, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana yönəltməklə yanaşı, ölkəmizin müstəqil dövlət kimi tanınmasında mühüm rol oynadı.