- Azər Badamov: "Bu münasibətlər ticarət, enerji, süni intellekt, nəqliyyat və müdafiə sahələri olmaqla bir neçə istiqaməti əhatə edir"
IV Şuşa Qlobal Media Forumu təkcə Azərbaycanın informasiya siyasətinin uğurlarını nümayiş etdirən nüfuzlu beynəlxalq platforma deyil, həm də Prezident İlham Əliyevin qlobal gündəmdə mühüm təşəbbüslərlə çıxış edən lider kimi rolunu bir daha nümayiş etdirib.
Bu sözləri Sherg.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat qeyd edib ki, müasir dünyada sülh və təhlükəsizlik ən böyük ehtiyaclardan birinə çevrilib: "Müxtəlif regionlarda davam edən müharibələr və dərinləşən münaqişələr qlobal sabitliyi ciddi şəkildə təhdid edir. Belə bir şəraitdə media yalnız informasiya ötürən vasitə deyil, eyni zamanda dialoqu, qarşılıqlı anlaşmanı və etimadı təşviq edən mühüm platformadır. Məhz buna görə də qlobal çağırışların müzakirə olunduğu Şuşa Qlobal Media Forumu beynəlxalq əməkdaşlığın gücləndirilməsi və sülh mesajlarının dünyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Reallıqların düzgün çatdırılması, reallıqlar barədə dünyanın məlumatlandırılmasının vacib olduğu qədər, informasiya boşluğunun bilərəkdən yaradılmasına da çalışılır. Bu istiqamətdə bəşəriyyət həqiqətdən xəbərsiz qalır. Elə bu baxımdan da həqiqətin bərpası və etimadın yenidən qurulması vacib əhəmiyyət kəsb edir. Məhz bu aktuallıq nəzərə alınaraq, IV Şuşa Qlobal Media Forumunun “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusu üzərində keçirilməsi, şübhəsiz ki, təsadüfi xarakter daşımır".
A.Badamov bildirib ki, forum zamanı cənab Prezident İlham Əliyev bir çox məsələlərə toxunub: " Azərbaycanın enerji siyasəti, informasiya cəbhəsində tutduğu yanaşma, Azərbaycanın artıq “orta güc” səviyyəsinə yüksəlməsi, informasiya təhlükəsizliyi, rəqəmsal təhlükəsizlik, Azərbaycan xarici siyasətinin əsas istiqamətləri, beynəlxalq dialoq üçün qlobal platformaya çevrilməyimiz kimi mühüm məsələlərə toxunulub. Dövlət başçımız bir mühüm amili də vurğuladı ki, bu gün Azərbaycan cəmiyyətindəki birliyə oxşar mənzərə tapmaq olduqca çətindir. Çünki dövlətlərin suverenliyinə, cəmiyyətlərin bütövlüyünə əl uzadılır.
Biz milli kimliyimizin və müstəqilliyimizin möhkəmləndirilməsi yolunda mübarizəmizi daimi etməliyik. Azərbaycanın Zəfərinin kökündə dayanan amil də bizim milli ruhumuz və birliyimiz oldu. Bu gün dünyada çətin proseslərin yaşandığı, müharibələrin getdiyi bir dövrdə Azərbaycan olduqca uğurlu siyasət yürüdür.
Azərbaycan Prezidenti həmin Forumdan qonşu ölkələrə də çağırış etdi. Sərhədlərimizin təhlükəsizliyi ilə bağlı Azərbaycanın uğurlu yanaşmasını bir daha dünyaya çatdırdı və qeyd etdi ki, bizim əsas gündəliyimiz Qarabağın bərpasıdır.
Şübhəsiz ki, bu istiqamətdə diqqətləri cəlb edən məsələlərdən biri ABŞ ilə Azərbaycan arasında münasibətlərin mövcud durumu idi. Bu baxımdan Bayden dönəminə işıq tutan dövlət başçımız bildirdi ki, senator olduğu zaman Bayden Azərbaycan əleyhinə qanunların təşəbbüskarlarından biri idi. Baydenin regiona baxışı və vizyonu buranı parçalamağa xidmət edirdisə, əksinə, Donald Trampın portreti sülhlə xarakterizə olunur. Sülh artıq bərpa olunub və önümüzdə yeni imkanlar var".
Deputat bildirib ki, dövlət başçısı Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı münasibətlərlə bağlı diqqət çəkən bir cümlə işlətdi ki, artıq münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib: "Bu isə çox ciddi açıqlamadır. Bu, ondan xəbər verir ki, Azərbaycan ABŞ kimi böyük bir dövlətin etimad göstərdiyi aktordur.
Məhz bu amil Azərbaycanın artıq “orta gücə” çevrildiyini sübut edir. Dövlət başçımız Prezident Donald Tramp və onun komandasının Azərbaycanla Ermənistan arasında sülhü mümkün edən təməli formalaşdırdığına da diqqət çəkdi. Təbii ki, ritorikada sülh istənilirsə, bu istək əməllərdə də özünü göstərməlidir.
Bu baxımdan ABŞ ilə Azərbaycan arasındakı münasibətlər yüksək səviyyədədir. Bu münasibətlər ticarət, enerji, süni intellekt, nəqliyyat və müdafiə sahələri olmaqla bir neçə istiqaməti əhatə edir.
Ermənipərəst senatorlar tərəfindən irəli sürülən 907-ci düzəlişlə bağlı məsələlər siyasi gündəlikdədir. Bayden dönəmində münasibətlərimizin çətin mərhələdən keçməsi qarşı tərəfin uğursuz yanaşmasının və addımlarının nəticəsi idisə, bu gün artıq ABŞ-Azərbaycan münasibətləri müsbət istiqamətdə inkişaf edir. Bu, həm də ondan xəbər verir ki, Donald Tramp və cənab Prezident İlham Əliyev siyasətdə praqmatik yanaşmanın tərəfdarıdırlar".